
Hidayət Heydərov mükafatlandırıldı
Monteneqronun paytaxtı Podqoritsada təşkil edilən cüdo üzrə Avropa çempionatı çərçivəsində qala gecəsi keçirilib.
Sportlife.az xəbər verir ki, tədbirdə 2024-cü ilin yekunlarına əsasən Avropanın ən yaxşıları mükafatlandırılıb.
Olimpiya çempionumuz Hidayət Heydərov (73 kq) "İlin ən yaxşı kişi cüdoçusu" adına layiq görülüb. Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Toth təqdim edib.
EJU-nun tədbirlə bağlı məlumatında vurğulanıb ki, Heydərov hələ erkən yaşlarında kadetlər və gənclər arasında Avropa və dünya çempionatında titullar qazanaraq adından söz etdirməyə başlamışdı: "Zamanla öz potensialını reallaşdırmaqda qətiyyət göstərdi. 2024-cü ildə dördüncü dəfə Avropa çempionu oldu, ardınca dünya və Olimpiya çempionluqlarını qazandı. Bir ildə bu qədər böyük uğura imza atmaq nadir hadisədir. Bu möhtəşəm nailiyyətin sahibi isə Azərbaycan təmsilçisi Hidayət Heydərovdur".
Avropada "İlin ən yaxşı kişi məşqçisi" isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Rixard Trautman seçilib. Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib.
EJU-nun saytında Trautmann haqqında bunlar qeyd edilib: "2024-cü ildə bu məşqçi iki Avropa, iki dünya və iki Olimpiya çempionluğu qazandıraraq hər xalq üçün böyük uğur sayılan bir nəticəyə imza atdı. Azərbaycan komandasının lideri həm rəhbərlik etdiyi idmançıların möhtəşəm nailiyyətləri, həm də Olimpiya ilində qazandığı şəxsi uğurlarına görə qürur duya bilər".
Qeyd edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Hidayət Heydərov, həm də Rixard Trautman dünya üzrə də ilin ən yaxşıları seçilmişdilər.