
Yunis Hüseynov: "Bəzi şeylər alınmır"
Azərbaycan Premyer Liqasının XXXII turunun “Turan Tovuz” – “Şamaxı” matçından (1:1) sonra meydan sahibi komandanın məşqçisi Yunis Hüsyenov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Qələbə qazanmaq istəyirdik, üç xal vacib idi. Əfsuslar olsun, alınmadı. Qol vursaq da, tez qol buraxdıq. Səhvimizə görə xal itirdik. Komandadan elə də razı qalmadıq, yaxşı oyun göstərə bilmədik.
– “Sabah”ı məğlub edib, “Səbail”ə, “Şamaxı”ya qalib gələ bilmirsiniz. Vacib olan görüşlərdə işin öhdəsindən gələ bilmirsiniz. Səbəb nədir?
– Özümüz də bu haqda danışırdıq. Siz deyən komandalarla xallar itirməsəydik, indi bəlkə də, ikinci sırada olardıq. Həmişə bu haqda danışırıq. Futbolda belə hallar olur. Oyunçular “Qarabağ”a, “Sabah”a fərqli yanaşır. Tam ciddi olmaq lazımdır. İstər-istəməz psixoloji cəhətdən bəzi şeylər alınmır. Bunun üzərində işləyirik. Şablon çıxmasın, baş məşqçimiz hər oyundan sonra uşaqlarla danışır. Hələ bunun öhdəsindən gələ bilmirik.
– “Karvan”la uğurlar qazanmısınız. Komanda yenidən Premyer Liqaya yüksəldi. Təklif olsa, dəyərləndirərsiniz?
– Premyer Liqaya yüksələn komandaları təbrik edirəm. Bölgə təmsilçilərinin elitaya gəlməsi yaxşıdır. “Turan Tovuz”da özümü xoşbəxt hiss edirəm.
– Futbolçular arxaya çox ötürmə edir. Bu, nə ilə bağlıdır?
– Axsayan cəhətimiz budur ki, hücumda çoxala bilmirik. Baş məşqçimiz də dəfələrlə bunu deyir. Uşaqların nə üçün hücuma getmədiyini deyə bilmirəm. İrəlidə top saxlamaq çətindir. Qol vurmaqda da çətinlik yaşayırıq. Asan qol buraxırıq, qol vurmaq isə çətin olur.
– Avrokuboklara vəsiqə üçün kubokun finalında “Qarabağ”ın qələbəsini gözləyəcəksiniz?
– Avrokuboklara vəsiqə qazanmaq şansımız var. Qarşıda 4 oyun var və nə olacağını bilmirik. Qarşımıza məqsəd qoymuşuq ki, avrokuboklara gedək. “Qarabağ”ın finalda qələbəsini gözləmək istəmirik. Düşünürəm ki, qarşıdakı 4 oyunda hər şey dəyişə bilər. Qismət… Arzu edirik ki, avrokuboklara gedək. “Turan Tovuz” azarkeşləri həddindən artıq möhtəşəmdir. Klub rəhbərliyi də hər şəraiti yaradıb. Komandanın avrokuboklara vəsiqə qazanacağına inanıram.
– Səlahiyyətiniz olsa, komandada neçə futbolçu ilə yolları ayırardınız?
– Baş məşqçimiz var. Bu suala cavab vermək istəmirəm. Futbolçuların qarşıdakı oyunlarda daha məsuliyyətli olacaqlarına inanıram.