
Ayxan Abbasov: "Bəxtimiz gətirmədi"
Azərbaycan Premyer Liqasının XXXII turunun “Turan Tovuz” – “Şamaxı” matçından (1:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Çətin və maraqlı oyun oldu. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Məncə, birinci hissədə mübarizə daha çox meydanın ortasında keçdi. İkinci hissədə komandamdan hücum futbolu istəyirdim. Görmək istədiklərimi gördüm. İkinci hissəyə baxsaq, 2 xal itirən biz olduq. Xallarımızı artırdıq. Rəqib üstün cəhəti olan standart vəziyyətdən qol vurdu. Bundan sonrakı standartlarda yaxşı oynadıq. Son oyunlar qalıb, hər xal vacibdir. Bununçün çalışacağıq.
– Radenoviç və Rafaelin durumu necədir?
– Rafael demək olar, mövsümü bitirib. Radenoviç isə məşqdə zədə aldı.
– Leroy Mikels bu gün fərqli mövqedə oynadı. Onun performansını bəyəndiniz?
– Sistemə baxsanız, mövqe hücumu görünürdü. Amma oyunun içində bəzi detallar var idi. Məncə, tapşırıqları yerinə yetirdi. İkinci hissədə daha yaxşı idi. Ümumilikdə pis çıxış etmədi.
– U-21 üçün I Liqa və əvəzedicilərin çempionatından oyunçu tapa bilirsiniz?
– Heyəti genişləndirmək istəyirik. I Liqa maraqlı oldu. “İmişli” – “Qəbələ” matçı məni yaxşı mənada təəccübləndirdi. Oyunçular var. Əvəzedicilər Liqasından da bəyəndiklərimiz var və onları “Şamaxı”ya gətirmək istəyirik. Həmin oyunçular U-21-ə də namizəddir. Uşaqlara inanmaq lazımdır. Bu gün Rüfətlə Edqar göz qabağındadır. Çempionatda stabil oynayırlar. Düzdür, səhvləri olur, amma artırmalıdır. Rauf Rüstəmli Azərbaycanın ən yaxşı “6 nömrə”lərindən ola bilər.
– Startda 5 yerli oyunçu var idi. Bundan öncə də özünü doğruldan gənclər var idi. Düşünmürsünüz ki, günah yerli oyunçularda yox, klublardadır?
– Razıyam. Uşaqlara inanmaq lazımdır. Bəzən futbolçularda da günah olur. Klublar büdcəsinə uyğun fəlsəfə seçməlidir. Bu gün Arsen Ağcabəyov, Edqar Ədilxanov, Səbayıl Bağırov I Liqadan gəlib. Biz “Turan Tovuz”a gələndə I Liqadakı 13 futbolçunu saxlamışdıq. Bu gün Faiq Hacıyevin çıxışı göz qabağındadır. İnanmaq lazımdır.
– “Turan Tovuz”la bundan öncə də heç-heçə etmişdiniz. Qələbə üçün nə çatmadı?
– Bəxt. Bir hücum, bir qol oldu. Şamaxıda son dəqiqə qolu ilə heç-heçə etdilər. Bu gün də ikinci hissədə toplarımız qapıya girmədi.