
"İnşallah ki, bu tendensiyaya son verərik"
Azərbaycan Premyer Liqasının XXXI turunda keçirilən “Qarabağ” – “Neftçi” (3:0) matçından sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.
– Niyə məğlub oldunuz, qol vura bilmədiniz?
– Qol vurmaq üçün imkanlarımız oldu. Əfsuslar olsun ki, qapının içindən belə vura bilmədik. Bu, qalib gələ və ya bərabərə qala bilərdik anlamına gəlməsin. Niyə qol buraxdıq? Əsas sual budur. Həddindən artıq çox rotasiyalara əl atmışdıq. Zədə problemi mən bura gələndən komandadan əl çəkmir. Bir də fərdi oyunçu səhvləri bu mövsüm başımızın bəlası olub.
– 4 ildir “Qarabağ”a qalib gələ bilməyən “Neftçi” var…
– Bu, Azərbaycan derbisidir və başadüşüləndir. Fərqi yoxdur, heyətdə zədəlilər var və ya qarşıda bizi kubok oyunu gözləyir. Bu, derbidir və qalib gəlməlisən.
– Murad Məmmədovu çoxdandır oynatmırsınız. Ümumiyyətlə silmisiniz?
– Murad ard-arda oynadığı pis oyunlardan sonra özünə gələ bilmir. Bu, məşqlərdə də sezilir. Muradı ümumiyyətlə silmək fikrimiz yoxdur. Aleksi Muradla dəyişdik. O, güvəndiyimiz futbolçudur. Bəzi bariyer var ki, özü aşmalıdır.
– “Zirə”, “Araz-Naxçıvan”, “Turan Tovuz” “Qarabağ”ı məğlub edib, amma “Neftçi” yox. Bu komanda avrokuboklara getməyə layiqdir?
– Buradakı məntiqi anlamıram. 4 oyunu mənim üzərimə yıxmayın. 3-də mən olmuşam. “Neftçi Arena”dakı oyunumuz çox yaxşı alınmışdı. Bəli, səhvlərimiz çoxdur. Amma bu, avrokuboklara getməyə layiq deyilik anlamına gəlmir. “Qarabağ” yaxşı klubdur. Əgər elədirsə, onda “Kəpəz” niyə avrokuboklara getməsin? Hər il yenilənən “Neftçi” var. İnşallah ki, bu tendensiyaya son verərik.
– Rafael Quzzonun zədəsi ciddidir?
– Ciddiyə oxşamır. Rəqiblə toqquşma oldu.
– “Sabah”la cavab matçına Edvin Kuç yetişə biləcək?
– İnanırıq. Həkimlərlə danışıqlarımız olur. Yeni zədədən çıxmış futbolçularımız var. Emin, Darbo, Sek və s. Onları müntəzəm oynatmaq lazımdır ki, özlərini bərpa etsinlər. Sadəcə, bu problemlər aradan qalxmır. Səbəblər özümüzə müəyyən deyil. Üç mərkəz müdafiəçimiz olmasına baxmayaraq, biri ilə 3 oyun ard-arda oynamışıq. İnşallah, kubok oyununa kimi üstümüzdən nəfs çəkilər.
– Sambonu oyuna buraxmamağınızın səbəbi nədir?
– Darbo 2 aya yaxındır zədəli idi. Oyunu hiss etməsi məqsədiylə meydana buraxdıq. Onu da hansısa dəqiqədə Sambu ilə əvəzləməyi nəzərdə tuturduq. Sadəcə, Rəhmanla Quzzonu 90 dəqiqə meydanda saxlamaq istəyirdik. Onlar da əvəzlənmək istədikləri üçün planlarımız pozuldu.