"Qarabağ"ın legioneri: "Qurbanovun haqqımda nə fikirləşdiyi daha önəmlidir" - MÜSAHİBƏ

"Qarabağ"ın legioneri: "Qurbanovun haqqımda nə fikirləşdiyi daha önəmlidir" - MÜSAHİBƏ

  • 28 Noyabr 2023, 11:26

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Sportlife.az-a müsahibə verib. 28 yaşlı futbolçu komandasının həm avrokubok, həm də daxili çempionatdakı oyunları barədə danışıb.

 

-“Qarabağ” Premyer Liqada uzun müddətdən sonra “Zirə”ni qabaqlayıb turnir cədvəlində 1-ci pilləyə yüksəldi. Sizcə, ən yaxın rəqibinizlə xal fərqini artırıb, liderlikdə möhkəmlənə biləcəksiniz?

-“Zirə”nin bir çox oyunlarını izləmişəm. Məhsuldar olmasalar da, mübariz oyun nümayiş etdirirlər. Onların matçlarını izlədikdə elə bir təəssürat yaranır ki, komanda nə istədiyini bilir. Onlar öz haqları ilə bu yerdədirlər. Amma bir məsələ də var ki, “Zirə” ancaq çempionat oyunlarına köklənir. “Qarabağ” isə hər 2-3 gündən bir oyunlara çıxır. Avrokubokda oynadıqdan sonra ani olaraq çipi daxili çempionata dəyişməlisən. Çempionatın əvvəlində bir çox səhvlərimiz və xal itkilərimiz oldu. Amma hələ zaman var. Bundan sonra “Zirə” ilə öz aramızda oyunlarımız da olacaq. Həmin oyunlardan sonra görək ümumi vəziyyət necə olacaq.

-Bir müddətdir ki, sıx və çətin qrafiklə oyunlara çıxırsınız. Bu komandaya və çıxışınıza mənfi təsir etmir ki?

-Doğrudan da, sıx qrafikdə oynayırıq. Bu, göz qabağındadır. Milli komandalara gedən futbolçular üçün bu qrafik daha sıxdır. Bəzi futbolçular isə milli komanda ilə bağlı yaranan fasilədə dincəlmə imkanı tapır. Milli komanda, daxili çempionat, avrokubok oyunlarında oynamaqdan əlavə səyahətlər, yol yorğunluğu təbii ki, təsirini göstərir. Amma nəzərə alsaq ki, bunların hər biri peşəkar futbolçunun həyatıdır, onda bunu normal qəbul etməliyik. Məsələn, mən bundan şikayətlənmirəm. 3 gündən bir oyunlara çıxırıqsa, demək biz avrokuboklarda oynayırıq. Bu da hər bir futbolçunun xəyalıdır. Ona görə də, bu vəziyyətlə barışmaq lazımdır. Bu, bizim həyatımızın bir parçasıdır.

-Avropa Liqasında “Mölde” ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə düşünürsünüz?

“Mölde” ilə bizi çətin oyun gözləyir. Hələ Bakıdakı matçdan öncə mən onların bəzi oyunlarından hissələrə baxmışdım. “Mölde” yaxşı komandadır. Heyətlərində çox yaxşı oyunçuları var. Mən onlara çox böyük hörmətlə yanaşıram. Biz onları Bakıda məğlub etdikdən sonra da futbolçularla danışdıq. Rəqibin özünəməxsus sistemi var və oyun tərzlərinə sadiqdirlər. Qarşıdakı oyun çətin, amma maraqlı olacaq. Əgər qrupdan çıxmaq istəyiriksə, yaxşı komandaları mübarizədən kənarlaşdırmalıyıq. Ümid edirəm, qalib olarıq.

- Bundesliqa nəhəngi “Bayer”in baş məşqçisi Xabi Alonso Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında “Qarabağ”da bəyəndiyi futbolçuların siyahısında sizin də adınızı səsləndirmişdi...

-Xabi Alonsonun mənim haqqımda dediyi bu xoş və pozitiv fikirlərdən məlumatlıyam. İstənilən halda vaxtı ilə top futbolçu olan bir şəxsdən, indi isə uğurlu məşqçidən belə pozitiv fikirlər eşitmək insanda xoş təəssüratlar yaradır. Amma bu, xoş hisdən başqa bir şey deyil. Çünki mən indi “Qarabağ”dayam. Mənim üçün Qurban Qurbanovun haqqımda nə fikirləşdiyi daha önəmlidir. Sabah başqa komandada olsam, orada çalışan baş məşqçinin fikirləri önəmli olacaq. Xabi Alonso kimi bir şəxsiyyətin məni fərqləndirməsi çox xoşdur. Mənim haqqımda əks fikirlər bildirsəydi, təbii ki, yaxşı təsir etməzdi. Amma bu, elə də önəm daşımır. Fərq etmir pozitiv, ya neqativ. Mənim üçün önəmli olan Qurban Qurbanovun haqqımda nə düşünməsidir.

Nərmin VÜQARQIZI


Paylaş: