"Sponsor komandadan əlini çəkib"

  • Bu gün, 18:43

Azərbaycan Premyer Liqasının XXVII turunun “Səbail” – “Neftçi” oyunundan (1:2) sonra meydan sahibi komandanın baş məşqçisi Cavid Hüseynov fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Oyun bizimçün çox vacib idi. Rəqiblərimiz xallar qazanır, biz uduzuruq. Həftəboyu oyuna çox yaxşı hazırlaşmışdıq. Onların təhlükəli yerlərini, bizə necə qol vura biləcəklərini analiz etmişdik, uşaqlara başa salmışdıq. Lakin təəssüf ki, üzərində işlədiyimiz şeylərdən qol buraxdıq. Komanda 20-25 dəqiqə əlindən gələni etdi ki, rəqib bizə qol vursun. “Neftçi”nin təhlükəli yerlərini bilirdik və danışmışdıq. Amma komanda çıxır, mən istəmədiyim səhvləri edir və qol buraxırıq. Futbolçulara dedim ki, sizə xəbərdarlıq etmişdik. Tapşırıqları tərsinə etdik. Sonradan oyunu toparlamağa çalışsaq da, alınmadı. Xal qazana bilmədik və məyus olduq.

– Çatışmazlıqları qeyd etdiniz…
– Çatışmazlıq deyil. Bunlar oyun planında etməməli olduğumuz şeylər idi.

– Futbolçuların ustalıq səviyyəsi qane etmir, yoxsa…?
– Nəsə deyə bilmərəm. Futbolçuya deyirəm ki, bu səhvi etmək olmaz. Amma meydana çıxıb eyni səhvi təkrarlayır. Nəticədə qol buraxırıq. “Neftçi” başqa nə etdi ki? Təhlükəni bilə-bilə özümüz üç xalı əllərimizlə “Neftçi”yə verdik.

– Yəqin ki, İlkin Muradovu nəzərdə tutursunuz…
– Xeyr, o deyil. Dmitri ötürməni İlkinə verdi və burdan başladı. “Neftçi”nin təzyiqini bilirdik və tapşırılmışdı ki, uzun toplarla çıxaq.

– Bəs, nə üçün səhv etdilər?
– Bilmirəm.

– “Kəpəz”in baş məşqçisi Azər Bağırov da komandada problemlərin olduğunu demişdi və sonra “Qarabağ”la oyunda bəzi aparıcı oyunçular ehtiyatda idi, üstəlik də xal qazandılar…
– Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən istifadə edə bilmədik. Sonuncu yerdəyik, necə ola bilər ki, güclənməyək? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyətində hamı danışır ki, “Səbail” heç kimə lazım deyil. Bəs, düşünmürük ki, burda oyunçular var? Mən məşqçi kimi faydalı ola bilərəm. Arzularım var, həyata keçirə bilərəm. Bəlkə də, fikirləşirlər ki, problem Cavid Hüseynovdadır. Deyil… Mən də istəyirdim ki, hücumçum olsun. Nşuti gəldi, 2 il futbol oynamayan Mirabdulla gəldi. Problemlər böyükdür, tək toparlamağa çalışıram, amma gücüm çatmır. Məşqçiyə dəstək lazımdır. Nə etməliyəm ki, dəstək olsun? Təsəvvür edin, qələbə qazanırıq, mükafatımız 500 manatdır. Sonuncu yerdə gedən komandaya motivasiya üçün dəstək lazımdır. “Kəpəz” qələbə qazanır, əməlli-başlı pul alır, bəs biz? Çətinliklər çoxdur.

– Məsələləri komplektləşdirsək, rəhbərlik sizi başqa vədlərlə çağırıb, amma indi tək qalmısınız?
– 16-17 yaşımdan peşəkar futbol oynamışam. Həqiqəti deyən olduğumu bilirsiniz. Tək qalmışam deyirəmsə, deməli elədir. Xırdalığını demirəm.

– Həlledici məqamda tək qalmısınızsa, deməli, son sıra ilə barışmalısınız?
– Barışmıram. Futbolçulara cavabdehəm, son ana qədər mübarizə aparacağıq. Bu durumdan çıxmaq istəyiriksə, birlikdə nəsə etməliyik. Bu, tək məşqçinin işi deyil. Kollektiv iş lazımdır.

– “Özümüzü yiyəsiz komanda kimi hiss edirik” dediniz. Sponsorsuzsunuz?
– Sponsor deyil… Sponsor komandadan əlini çəkib. Mən gələndən bəri hansısa maddiyatdan söhbət gedə bilməz. İstər mükafat, istər transfer məsələsi olsun. Hər şeydə azalma var.


Paylaş: