Qurbanov AFFA-nın iclasında görünmədi: yorğunluq yoxsa etiraz?

  • Bu gün, 15:14

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Bu dəfə də mətbuatdan gizlin, qapalı qapılar arxasında yığışıb müəyyən qərarlar qəbul ediblər. Necə deyərlər, bunlar əvvəlkilərə rəhmət oxutdururlar yavaş-yavaş. Onlar heç olmasa, əvvəlcədən iclasın keçirilmə tarixini elan edirdilər, iclasdan sonra mətbuata açıqlamalar verirdilər...

Bu yanaşma qurumun idarəçilik siyasətində qeyri-şəffaflığın və daxili koordinasiya çatışmazlığının göstəricisidir. Əvvəllər iclaslarla bağlı mətbuata ən azı simvolik məlumatlar təqdim olunsa da, son proseslərdə tam qapalı mühitin yaradılması AFFA-nın ictimai hesabatlılıq prinsipindən uzaqlaşdığını göstərir.

İcraiyyə Komitəsinin budəfəki iclasında aşağı yaş qrupları üzrə milli komandalara baş məşqçilərin təyinatları açıqlanıb. Ən maraqlısı isə "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasun U-21 millisinə baş məşqçi gətirilməsidir.

Amma ən diqqətçəkən məqam Qurban Qurbanovun iclasda iştirak etməməsi olub. Yoxsa Qurbanov artıq başa düşüb ki, bu idarəçilərlə inkişafdan danışmaq, ay işığında kölgəni tutmağa çalışmaq kimidir? Görünür, Qurbanov "boş söhbətlərə vaxt sərf etməkdənsə, getməmək" prinsipini rəhbər tutub və uzaq durmağa qərar verib. Belədirsə, haqlıdır – futbol fəlsəfəsi olmayan bir mühitdə fikir bildirmək mənasızdır, onsuz da öz bildiklərini edəcəklər. 

AFFA-nın iclaslarında artıq futbol adamlarının sayı sıfıra yaxınlaşır. Qurbanov isə bu mənzərədə tək qalmış bir cəngavər idi. Ancaq görünür, "dəbilqə"ni çıxarıb meydanı tərk etməyə qərar verib – məsləhət istəyən yox, dinləyən yox.

Qurbanov komitəni tərk etsə, qərarı tamamilə məntiqli olar: ya boş divarlara danışacaqsan, ya da sakitcə çıxıb gedəcəksən. Görünən odur ki, Qurbanov artıq çıxış qapısına yönəlib.

AFFA isə yoluna davam edir – sükutla, mətbuatsız və nəticəsiz. Biz isə kənardan baxıb düşünürük: Görəsən, nə vaxtsa bu teatrın finalı olacaqmı? Yoxsa AFFA səhnəsində fasiləsiz oynanılan bu tamaşanın son pərdəsini gözləmək sadəlövhlükdür? Bax, məsələ də elə budur...

Mirələm HƏSƏNLİ 


Paylaş: