Uğursuz seriya qırıldı

  • Dünən, 10:53

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Sportlife.az xəbər verir ki, bu, XXVI turun “Kəpəz”lə ev oyununa təsadüf edib. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda 3:0 hesabı ilə qalib gəlib.

Bu, klub tarixində Premyer Liqadakı yubiley – 10-cu böyükhesablı qələbədir. Bunlardan 6-sı evdə, 4-ü səfərdə qeydə alınıb.

“Sumqayıt” sonuncu böyükhesablı qələbəsini 2024-cü il aprelin 19-da qazanıb. “Gənclik şəhəri” təmsilçisi səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə məğlub edib. Bu, həm də V.Cavadovun baş məşqçi kimi Premyer Liqada ilk böyükhesablı qələbəsi olub.

Bu qələbə ilə “Sumqayıt”ın Premyer Liqadakı qolsuz oyunlar seriyası qırılıb. Vaqif Cavadovun komandası bunadək ardıcıl 9 görüşdə qol vurmamışdı. Sumqayıtın eyniadlı klubu sonuncu dəfə 2024-cü il dekabrın 8-də “Neftçi” ilə ev qarşılaşmasında (2:0) fərqlənmişdi. Cordan Rezabalanın 43-cü dəqiqədəki qolundan sonra “Sumqayıt” “Qarabağ” (0:5), “Kəpəz” (0:0), “Səbail” (0:2), “Sabah” (0:0), “Araz-Naxçıvan” (0:0), “Şamaxı” (0:1), “Zirə” (0:3), “Neftçi” (0:1) və “Qarabağ”la (0:2) üz-üzə gəlib. Həmin qoldan 92 gün sonra 876 dəqiqəlik seriyaya Roy Kehat son qoyub. Ardınca dublunu da rəsmiləşdirən 33 yaşlı israilli yarımmüdafiəçi Premyer Liqada 10-cu qolunu vurub. O, 59 matçda buna nail olub.

Bu, Azərbaycan çempionatları tarixində ən uzun qolsuz oyunlar seriyasında 2-ci göstəricinin təkrarıdır. Antirekord 2015/2016-cı illər mövsümündə ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”a məxsusdur. 2001/2002-ci illər və 2003/2004-cü illər mövsümlərini əhatə edən müddətdə 9 oyunda qol vurmayan “Dinamo” (sonrakı “Bakı”) “Sumqayıt”la eyni seriya yaşayıb.


Paylaş: