
Qaranlıqda qalan "Sabah" – səhər açılacaqmı?
Mövzumuz yenə "Sabah"dır. Amma bu dəfə sabahdan daha çox dünəndən danışmağa məcburuq. Berezutskinin rəhbərlik etdiyi komanda 4 oyundur ki, qələbə üzü görmür. Oyunun tempi yox, struktur boşluqları açıq-aşkar görünür. Taktiki nizam yox, oyun fəlsəfəsi qeyri-müəyyən...
Berezutski üçün buradan qazanclı çıxmaq çətin olmayacaq. Həm təcrübə, həm də maliyyə baxımından sərfəli dönəcək evinə. Lakin onun qazandığı təcrübənin əvəzini "Sabah" və Azərbaycan futbolu ödəyəcək. İtirən futbolumuz, qazanan isə bacarıqsız idarəçilərdir. Bu klubun bəlası idarəçilikdəki boşluq və futbola diletant yanaşmadır.
Kök problem bəllidir – Maqsud Adıgözəlov və onun idarəçilik mexanizmi. Bu klubda strategiya yoxdur, oyun fəlsəfəsi formalaşmayıb, infrastruktur isə illüziya xarakterlidir. Görünüşdə hər şey qaydasındadır, lakin heç nə funksional deyil.
Sabahın sabahı yoxdur, çünki idarəetmə fəlsəfəsi yoxdur. Legioner gətirməklə problemi həll etmək mümkün deyil. İdarəetmə mexanizmi köklü şəkildə yenilənməlidir.
"Sabah" nə vaxt düzələcək? – Belə idarəçiliklə heç vaxt. Baş məşqçi dəyişəcək, futbolçular gedəcək, amma strukturda və idarəçilikdə problemlər qalacaqsa, nəticə dəyişməyəcək. İdarəetmə səviyyəsində qalib gəlməyən klublar meydanda uğur qazana bilməz.
Azərbaycan futbolunun problemi strukturda, sistemsizlikdə və düzgün idarəçilik mexanizminin olmamasındadır. Berezutski və ya başqa məşqçi – fərq etməz. Köklü dəyişiklik baş verməsə, "səhər" açılmayacaq?
Mirələm HƏSƏNLİ