Gimnastlarımız Polşada iki turnirdə üç qızıl medal əldə ediblər
Azərbaycanın akrobatika gimnastikası üzrə yığma komandasının üzvləri Ağasif Rəhimov və Raziyə Seyidli (qarışıq cütlük) Polşanın Jeşuv şəhərində keçirilən dünya kuboku yarışlarında, Nizam Xamidulin və Milana Əliyeva (qarışıq cütlük), Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiri (qadın qrupu) isə eyni şəhərdə təşkil olunan beynəlxalq turnirdə güclərini sınayıblar.
Sportlife.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, dünya çempionatının gümüş mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz dünya kuboku yarışlarında çoxnövçülük proqramında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Nizam Xamidulin və Milana Əliyevadan ibarət qarışıq cütlüyümüz, eləcə də Nəzrin Zeyniyeva, Zəhra Rəşidova, Anahita Bashiridən ibarət qadın qrupumuz eyni şəhərdə keçirilən beynəlxalq turnirdə çoxnövçülük proqramında qızıl medallara layiq görülüblər.