Ulduz futbolçu yığmaya qayıdır
"Real"ın qapıçısı Tibo Kurtua Belçika millisinə qayıtmaq istəyir.
Sportlife.az xəbər verir ki, o, yenidən yığmada çıxış etməyə hazır olduğunu bildirib:
“Hələlik bu barədə çox danışmaq istəmirəm, amma millinin baş məşqçisinə zəng vurmağım doğrudur. O, tezliklə Madridə gələcək. Geridönüş yaxşı görünür, məqsədim DÇ-2026-da iştirak etməkdir. Gələcəkdə nə olacağını görəcəyik, lakin hazırda hər şey müsbətə doğru gedir”.
32 yaşlı qolkiper də millidən getmək qərarının əvvəlki çalışdırıcı Domeniko Tedesko ilə bağlı olduğunu təsdiqləyib: “Bu, sırf əvvəlki məşqçiyə görə idi. Müəyyən səbəblərdən onunla fikir ayrılığımız oldu. Düşünürəm ki, sonda haqlı olduğumu gördük”.
Qeyd edək ki, Kurtua 2024-cü ilin yayında Tedesko ilə münaqişəyə görə millidəki karyerasını başa vurduğunu açıqlamışdı. Bu ilin yanvarında yığmaya fransalı Rudi Qarsiya baş məşqçi təyin olunub.