Rövşən Nəcəfin fantaziyaları: İnkişafın mistika ilə qovuşduğu an
AFFA-nın yeni inkişaf strategiyasının yekun versiyasını gözləyirik. Gözləyirik ki, görək, icra prosesinə nə vaxt, necə keçid edəcəklər. Ancaq ilk olaraq İcraiyyə Komitəsinin iclası keçirilməlidi. İclasın vaxtı da qeyri-müəyyəndir...
AFFA-da mistika, sürpriz və gecikmələr adət halını alıb. Səbəblər? - Çoxdur. Bəzən düşünürsən ki, AFFA-nın özünün bir inkişaf strategiyasına ehtiyacı var. “Nə vaxt?”, “Necə?” və “Nə ilə?” sualları havada asılı qalıb. Cavablar? O cavabları Rövşən Nəcəfdən gözləyirlər. Amma sual burasındadır: cənab Nəcəf özü haradadır?
Rövşən Nəcəfin rəhbərliyi altında AFFA bir siyasət məkanına, söz-söhbət məclisinə bənzəyir. Dostlar və düşmənlər ondan nə vaxtsa bir iş gözləyirlər. Amma bu gözlənti təkcə müsbət işlərlə məhdudlaşmır. Prezident seçildiyi gündən AFFA rəhbərliyi müsbət mənada heç bir şey icra etməyib. Bəli, komanda var. Amma siyasətsiz, proqramsız, hətta futbol idarəçiliyində "sıfır"ın da altında bir komanda.
Bir də var legioner limiti mövzusu – AFFA-nın yeni "kulis dramı". Bu məsələ ictimaiyyət və kulislərdə qızğın müzakirələrə səbəb olub. Artıq mübahisələr başlayıb, lakin yekun qərar verməyə cürət edən bir nəfər də tapılmır. Hətta Rövşən Nəcəfin özü belə! Görəsən, niyə?
İnkişaf strategiyasına gəlincə, bu 70 səhifəlik kitababənzər sənəd də başlamamış fiaskoya çevrilmiş kimi görünür. Sanki AFFA-nın missiyası Azərbaycan futbolunun gələcəyinə "komediya janrında" məzar daşı düzəltməkdir. Əgər AFFA həqiqətən futbolun inkişafını istəyirsə, ilk növbədə öz daxilində "strategiya nədir?" sualını anlamaqla başlamalıdır. Həmçinin, konkret fəaliyyət planları, cavabdehlik daşıyan şəxslər və ictimaiyyət qarşısında şəffaf hesabatlılıq sistemini tətbiq etməlidir.
Bu gün AFFA-nın fəaliyyəti elə bir səviyyədədir ki, quruma ümid etmək, sadəcə məyusluğa dəvət kimi görünür. Yeni strategiya planın icrası AFFA üçün daha böyük fiaskonun başlanğıcı ola bilər. Azərbaycan futbolunun həqiqi dirçəlişi üçün yalnız sənədlərdə yazılan gözəl sözlər deyil, həm də real və praktiki addımlar lazımdır. Rövşən Nəcəf və onun komandası bu strategiyanı düzgün icra edə bilməsə, Azərbaycan futbolunun gələcəyi yalnız tarix kitablarının kədərli səhifələrində qalacaq.
Azərbaycan futbolunun dirçəlişi üçün AFFA-dan təkcə gözlənti yox, həm də tələb olmalıdır. Cəmiyyət bu fəaliyyətsizliyi qəbul etməməli və real dəyişikliyə nail olmaq üçün konkret addımlar tələb etməlidir.
Mirələm Həsənli