6750 manatlıq sual: Sərxan Hacıyev bu maaşı haqq edirmi?

  • 25 Yanvar 2025, 11:11

Sərxan Hacıyev illərdir AFFA-da isti kreslosunu möhkəmcə qoruyub saxlayır, özü də elə bir məharətlə ki, nə bir səsi çıxır, nə də bir işi görünür. Əvvəllər Elxan Məmmədovun kölgəsində rahatca gizlənirdi, indi isə yeni rəhbərliyi “inandırıb” ki, onun keçmişlə heç bir əlaqəsi yoxdur. Bəlkə də bu inandırmaq bacarığı onun yeganə peşəkar keyfiyyətidir. Başqa hansısa xüsusiyyəti ilə fərqləndiyini görən olmayıb.

İdmanxəbər.az-ın yazdığına görə, bu “görünməz işçi” AFFA-dan ayda 6750 manat maaş alır. Bu məbləği ona kim bağışlayıbsa, öz vicdanı ilə baş-başa qalsın, amma bir sual ortaya çıxır: Bu adam nə iş görür ki, bu qədər maaşı haqq edir? AFFA-nın çörəyini yeyənlər arasında ondan soruşan tapılmaz, amma stadionlarda azarkeşlərə mikrofon uzadıb desək ki, “Sərxan Hacıyev bu maaşı haqq edirmi?” – Cavablar aşağı-yuxarı hamıya bəllidir.

İllərdir 6750 manat maaş alıb “faydalı iş əmsalı” sıfıra bərabər olan bir adamın yerində kim olmaq istər? İşi-gücü görünmədən var olmaq, təsirsiz qalmaq, amma bir yandan da sabit gəlirini təmin etməkdir. Hacıyev üçün işin adı budur – “Var, amma yox”. AFFA-nın inkişaf strategiyasına uyğun belə kadrlara ehtiyac olacaqsa, deməli, Hacıyev bu sahədə akademik səviyyəyə çatıb.

Bir də bu qədər maaş alan adamın dilində bir söz olmalı, azarkeşlərlə ünsiyyət qurmalı, futbol ictimaiyyətinə hesabat verməlidir. Hacıyev bunu bacarırmı? Cavab göz qabağındadır – Yox! Ancaq AFFA-nın qapalı qapıları arxasında nələr danışılır, nələr çevrilir, onu bir Allah bilir, bir də Sərxan Hacıyev.

Sonda belə bir sual doğur: Əgər bu adam futbolumuz üçün “vazkeçilməz”dirsə, niyə adını eşidəndə bir faydalı işini xatırlamırıq? Yoxsa, AFFA-nın əsas strategiyası elə görünməz qəhrəmanlar yetişdirməkdir? Əgər belədirsə, Sərxan Hacıyev bu sahənin əsl çempionudur!

Mirələm Həsənli


Paylaş: