AFFA-da Adıgözəlov təsiri: İntriqa çarxı sürətlənir
"Sabah" klubunda stabil inkişafın qarşısında sipər kimi dayanan Maqsud Adıgözəlov indi AFFA-nın icraiyyə komitəsində daha böyük meydan əldə edib. Klub prezidenti kimi Adıgözəlov məşqçilərlə "mükəmməl" əlaqələr qurması ilə tanınır. O, "komandanın birliyi və ruhu" kimi mücərrəd anlayışları özünəməxsus şəkildə interpretasiya edərək stabil yüksəlişə aparan hər cığırı qapamaqda mahir olub.
Maqsud Adıgözəlovun AFFA İcraiyyə Komitəsinə üzv seçilməsi Azərbaycan futbolunun artıq mövcud olan struktur problemlərinin daha da dərinləşəcəyinə işarə idi. "Sabah" klubundakı fəaliyyətinə nəzərən deyə bilərik ki, onun idarəçilik üslubu daha çox şəxsi ambisiyaların və intriqaların ön planda olduğu bir idarəetmə modelinə əsaslanır. Klubun sabit inkişafını təmin etmək əvəzinə, baş məşqçilərlə daimi qarşıdurmalar, daxili konfliktlər və qeyri-peşəkar yanaşmalar... Peşəkar mühit yaratmaq və strateji planlama əvəzinə, klubdaxili nüfuz mübarizəsi Adıgözəlovun əsas prioriteti olub və bu tendensiyanın AFFA səviyyəsində də davam edəcəyi ehtimalı böyükdür.
Hələ o vaxt Murad Musayevin klubdakı nüfuzunu həzm edə bilməyən Maqsud bəy onun kölgəsində qalmamaq üçün intriqa cəbhələrini genişləndirmişdi. Musayevin Rusiya mediasına verdiyi müsahibə Adıgözəlov üçün "həzm prosesində" əlavə çətinliklər yaratmış və bunun nəticəsində klubda stabillik anlayışı tamamilə məhv edilmişdi.
Adıgözəlovun "ustalıq"ları bununla da bitmir! Son zamanlarda "Sabah"ın sabiq baş məşqçisi Renduliçlə yumruq davasına çıxması Adıgözəlovun yalnız sözdə deyil, əməldə də təsirli fiqur olduğunu bir daha sübut edib. Görünür, futbol taktikasından daha çox, fiziki dözümlülük sahəsində "öz sözünü demək" daha asan gəlir onun üçün. Nəticə? Məşqçinin istefası və klubdakı xaosun daha da dərinləşməsi!
AFFA-da isə Adıgözəlovun varlığı artıq bəzi komitə üzvlərinin narahatlığına səbəb olub. Legioner limitinin ləğv edilməsini canı könüldən istəyən bu şəxs, arqumentasiyadakı boşluqlarla ölkə futbolunun inkişafına "özünəməxsus töhfə"sini vermək istəyir. Klubların əksəriyyətinin onun bu istəyinə qarşı çıxması isə intriqa çarxını daha da sürətləndirir.
Beləliklə, ölkə futbolunun gələcəyində yeni bir mərhələ – intriqa, qeyri-stabillik və daxili çəkişmələr epoxası açılır. Maqsud Adıgözəlovun AFFA-dakı fəaliyyəti futbol tariximizdə bəlkə də yeni bir "dramatik dövr"ün başlamasına səbəb olacaq. Görünür, bu şəxsin ölkə futboluna verəcəyi töhfələr stadionlardan çox, kulislərdə müzakirə ediləcək.
Mirələm Həsənli