Qapalı qapılar arxasında AFFA teatrı

  • Bu gün, 18:18

Futbol idarəçiliyimizin təkamül trayektoriyası qəribə bir paradoksa çevrilib – inkişaf yox, tənəzzül isə dərin sükutun kölgəsində, görünməz, amma amansız şəkildə irəliləyir. Əvvəllər AFFA rəhbərliyi iclaslarını elan edir, jurnalistlərə ən azı dekorativ şəffaflıq pərdəsi arxasından boylanmağa imkan verirdi. İndi isə yeni “elita” qərarlarını qapalı qapılar arxasında, təntənəsiz, quru formada açıqlayır.

Baxmayaraq ki, onlar özlərini futbolun intellektual aristokratiyası hesab edirlər, hərəkətləri daha çox feodal dövrünün saray məxfiliklərinə bənzəyir. Bəlkə də, iclaslarda müzakirə edilən məsələlər o qədər ziddiyyətlidir ki, üzvlərdən kiminsə ağızdan qaçırdığı bir cümlə bütün sistemin altını üstünə çevirə bilər. Ya da sadəcə, jurnalistlərin baxışlarından çəkinirlər. Birdən nəsə soruşarlar, birdən cavab verə bilməzlər... Bu, futbol idarəçiliyində kəskin intellektual defisit sindromunun əlamətlərindən biridir.

Əvvəlki rəhbərlik, heç olmasa, bir növ performans sərgiləyirdi. İclasların vaxtını elan edir, mətbuatı oyun qaydalarına uyğun bir şəkildə informasiyaya yaxın buraxırdı. İndikilər isə artıq səhnəni də bağlayıb, teatr pərdələrini çəkib, pıçıltı ilə qərarlar qəbul edirlər. Əgər əvvəlki dövrdə jurnalistlərin qarşısında səthi də olsa, bir hesabatlılıq görüntüsü vardısa, indi artıq bu cüzi məcburiyyətdən belə azad olmaq qərarına gəliblər.

Əgər bu tendensiya davam edərsə, çox keçməz ki, AFFA rəhbərliyi yalnız kodlaşdırılmış siqnallarla ünsiyyət saxlayacaq, qərarları isə yalnız xüsusi icazəsi olan şəxslərə çatdırılacaq. Jurnalistlər isə divarları dinləmək üçün xüsusi texniki avadanlıqlara ehtiyac duyacaqlar.

Bu gedişat nə vəd edir? Heç nə. Qapalı iclaslardan yayılan tək şey boğucu bir pessimizmdir. Nəcəfin, Qasımovun, Adıgözəlovun nə danışdığını heç kim bilmir. Amma nəticələr göz qabağındadır – Azərbaycan futbolu beynəlxalq arenada “kreativ məğlubiyyətlər” konsepsiyasını uğurla davam etdirir.

Sonda AFFA-nın yeni üslubunu belə xarakterizə etmək olar: daha az söz, daha az hesabat, daha çox qapalı qapı və daha dərin uçurum...

Mirələm Həsənli 


Paylaş: