"Bilirdilər ki, məşqçi dəyişikliyi dərhal müsbət nəticə verə bilməz"

  • Bu gün, 18:15

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov "Sabah"ın Azərbaycan Premyer Liqasındakı uğursuz çıxışı barədə Sportlife.az saytına müsahibə verib.

- "Sabah"ın son turda "Kəpəz"ə məğlubiyyətini necə şərh edərdiniz?

- Bu, futboldur. Ümumiyyətlə qeyd etmək lazımdır ki, "Sabah" hədəfləri böyük olan və iddialı komandadır. "Kəpəz"ə məğlubiyyət çempionatın səviyyəsinin artmasından xəbər verir. Deyərdim ki, liqaya maraq hər tur daha da artır. Ona görə də hər bir nəticəni gözləmək mümkündür. Hər klubun hədəfləri var. "Kəpəz" qışda transferlərlə komandanı gücləndirdi. Çempionatın 2-ci hissəsində uğurlu çıxışları ilə düz yolda olduqlarını sübut etdilər. 

- Komanda son 4 oyunda qələbə qazana bilmir. Bu barədə nə düşünürsüz?

- "Sabah"ın daxilində dəyişiklər oldu. Başa düşməliyik ki, yeni baş məşqçi, tələblər, fəlsəfə dəyişib. Bunların hamısının nəticə verməsi üçün zaman lazımdır. 

- Yeni baş məşqçi Vasili Berezutskinin işini necə dəyərləndirirsiniz?

- Dediyim kimi, zaman lazımdır. "Sabah" rəhbərliyi bildirmişdi ki, Berezutskini bu posta təyin edəndə risk olduğunu nəzərə alıblar. Bilirdilər ki, məşqçi dəyişiklikliyi birdən-birə müsbət nəticə verə bilməz. Ən vacibi odur ki, komandada yüksək ab-hava olmalıdır.

- Berezutski bunadək heç bir klubda baş məşqçi kimi işləməyib. Bu mənada, rusiyalı mütəxəssisin "Sabah"ın sükanı arxasına gətirilməsi nə dərəcədə doğru addım idi?

- Vasili, ümumiyyətlə futbol mövzusunda təcrübəli insandır. Böyük məşqçiləri görən və futbolçu karyerasını bitirəndən sonra onların yanında köməkçi kimi fəaliyyət göstərib. Hər birindən nəsə öyrənib. İstər-istəməz nə vaxtsa baş məşqçi kimi çalışmalı idi. İlk təyinatını "Sabah" klubuna aldı. Komanda ilə bir yerdə yeni yola çıxıb. İlk addımlarıdır. Hələ çox yüksəliş və eniş olacaq. Əsas odur, inamlı komanda yaratsın. 

- Komandada əsas problemi nədə görürsünüz?

- Problem deməyək. Sadəcə, adaptasiya üçün vaxta ehtiyac var. Özlərinə inamı bərpa etməlidirlər. Bir-birilərinə dəstək olmalıdırlar. Niyyəti bir olan komandanın sonda uğurlu nəticə əldə edəcəyinə inanıram. 

- Sizcə, "Sabah" bu gedişlə avrokuboklara vəsiqə qazana biləcəkmi?

- Qabaqcadan nəsə demək çox çətindir. Hər turda yaxşı nəticə qazanmaq üçün maksimum güc sərf etmək lazımdır. Çempionatın sonuna yaxın gərginlik bundan qat-qat artıq olacaq. Əgər "Sabah" Azərbaycanı Avropada təmsil etmək istəyirsə, qalan oyunlarda ancaq qələbəyə köklənməlidir.


Paylaş: