"Spartak"ın azərbaycanlı məşqçisi ilə MÜSAHİBƏ

  • Bu gün, 13:37

Rusiyanın "Spartak" (Moskva) klubunun akademiyasında məşqçi kimi çalışan Ramin Əsədov Sportlife.az-ın suallarını cavablandırıb. Sportlife.az həmin müsahibəni təqdim edir:

- Sizi klubda necə qarşıladılar?

- Komandada çox gözəl ab-hava var idi. Məni əla qarşıladılar. Uyğunlaşmağım çox zaman almadı. Yüksək səviyyəli mütəxəssislərlə çalışmaq çox xoşdur.

- Moskva klubunda ən bəyəndiyiniz məqamlar hansılar oldu?

- Akademiya məşqçiləri, koordinatorlar, inzibatçılar hamısı çox peşəkar, işə məsuliyyətlə yanaşan şəxslərdir. Məşqçilərə dəyər verdikləri hiss olunur. Bu məni çox sevindirdi.

- Yerli, yoxsa xarici klubda işləmək daha asandır?

- Fərqlər çoxdur. Burada həftədə bir dəfə test sistemi ilə imtahan olur. Ayda iki dəfə metodik dərslər keçirilir. Hər çıxdığın oyuna görə də pul verilir. Azərbaycan futbolunda belə bir şey görməmişəm.

- Sizcə, yerli klubların məşq sistemində hansı dəyişikliklər olmalıdır?

- Əgər biz də xarici klublar kimi inkişaf etmək istəyiriksə, çoxlu dəyişikliklər lazımdır. Məşqçilər ayda 1 və ya 2 dəfə testdən keçməlidir. İşlərində daha da peşəkarlaşmaq üçün dərslər almalıdılar.

- Gələcəkdə böyüklərlə çalışmaq istərdinizmi?

- Niyə də olmasın?! Özümü inkişaf etdirirəm və hazırda bunun üçün çox yaxşı yerdə olduğuma inanıram. "Spartak"dan öyrənəcəyim çox şey var.

- Gələcək hədəfləriniz nələrdir?

- Gələcək hədəflərim çoxdur. Daha da yaxşı nəticələr qazanmaq üçün öz üzərimdə işləyəcəyəm. Burada məşqçiyə çox dəyər verilir və məncə, bu, bir mütəxəssis üçün ən önəmli amillərdən biridir.


Paylaş: