Maliyyə və nəticə disbalansı - "Neftçi" uçuruma doğru

  • 27 Yanvar 2025, 15:21

"Neftçi" funksionerlərinin idarəçilik bacarıqsızlığı bir daha acı reallığını üzə çıxarır – böyük büdcə, xaotik heyət komplektasiyası və ardıcıl uğursuzluq sindromu. Samir Abasovun çıxışlarındakı ümidsizlik notları da bunun bariz sübutudur. Açıq şəkildə deyə bilmədiyini oxumağı bacaran hər kəs başa düşür ki, bu komanda indiki tərkiblə stabil nəticələr qazana bilməyəcək.

Görəsən, klub rəhbərliyi fərqindədir ki, futbol nə milyonlarla ölçülən, nə də təcrübəsiz eksperimentlərlə idarə olunan bir sahədir? Böyük pullar xərclənir, amma nəticə? Hansısa metafizik gücün müdaxiləsinə ehtiyac yoxdur, sadəcə olaraq futbolun fundamental prinsiplərini başa düşmək kifayətdir.

Bu gün transferlərə bel bağlamaq, bataqlığa daş atmaq kimidir. Bu, səthi dalğalanmalar yaradar, amma dərin dəyişikliklər asan deyil. Avrokuboklar arzusu isə artıq romantik xəyallara çevrilməkdədir. Eyni səhvləri təkrar edən bir zehniyyətlə, dünyanın ən güclü məşqçisini də gətirsən, dəyişən bir şey olmayacaq. Böyük ambisiyalar, zəif idarəçilik və nəticədə növbəti mövsümə “yenidən başlamaq” bəhanəsi.

Problemin həlli üçün köklü dəyişikliklər lazımdır, əks halda bu komanda hər dəfə eyni labirintdə azmağa davam edəcək. Neftçi artıq xəyallarını deyil, reallıqlarını görməlidir.

Mirələm Həsənli


Paylaş: