Hörmətsiz "həmkar", gözlərini aç!

  • 25 Yanvar 2025, 23:46

Hörmətsiz “həmkar”,

Sənin yazını oxuyanda düşündüm ki, nəhayət, insanlıq tarixində ən ali həqiqət kəşf olunub – Başqalarının pulu sayılmamalı, geyimi müzakirə olunmamalı, danışmaq üçün heç bir fakta ehtiyac duyulmamalıdır. Təbrik edirəm, uzun illərdən sonra “çayxana strategiyası” ali səviyyəyə yüksəldi.

Səncə, söhbət konkret olaraq şəxsin fəaliyyətindən gedirsə, onun gördüyü işlərə nəzər salmaq məntiqli deyil? Yoxsa peşəkar dəyərləndirmə və analitik yanaşma sənə yad anlayışlardır? Yəni Sərxan Hacıyev tənqid olunmamalıdır? Əlbəttə olunmalıdır, amma sən onu müdafiə etməyə çalışarkən elə bir mənzərə yaratmısan ki, sanki adam AFFA-nın yox, NASA-nın baş mühəndisidir.

Görürsən, sən “maaş müzakirələri”nin futbola təsiri olmadığını sübut etməyə çalışırsan. Amma gəl barmağını qatla, rəhbərlikdə oturanlar illərlə futbolun inkişafı adına hansı töhfələri verib? Ortada gözlə görünən bir dəyişiklik varmı? Yoxdursa, onların maaşlarını müzakirə etmək niyə qəbahət sayılır? Axı maaş yalnız kresloda oturmaq üçün deyil, real nəticələr üçün verilir. Yoxsa sən düşünürsən ki, AFFA-da 10-12 saat oturmaq avtomatik olaraq “halal əmək” deməkdir?

Əgər sən hesab edirsənsə ki, bir adamın işdə fiziki olaraq 10-12 saat “oturması” maaşı haqq etməsi üçün kifayətdir, bu, çox cılız məntiqdir. İstənilən iş yerində məntiq belədir: Görülən işin nəticəsi və təsiri dəyərləndirilir. Elə kresloda oturub boş divarlara baxan hər kəs yüksək maaş almalıdırsa, futbolumuzun da yerində sayması normaldır. İşini layiqincə görüb-görmədiyini, futbolun inkişafına nə qatdığını kim dəyərləndirib? Yoxsa yalnız “oradadır, deməli, işləyir” prinsipi AFFA üçün yeni standartdır?

Yazıda qeyd edirsən ki, “xələfi" kimi etmirsə, maaş ona halaldır. Budur meyar? Əgər köhnə rəhbərlik dövründə baş verənlərdən fərqli bir şey etmirsə, deməli, o, vəzifəsini layiqincə icra edir? Bu, hansı məntiqə sığır? İdarəetmədə keyfiyyət meyarı nəticələr və şəffaflıqdır, xələfi kimi etməmək deyil.

Qurban Qurbanovun köynəyinin qiymətini müzakirə edənlərə etiraz edən sən, AFFA funksionerlərinin maaşlarını toxunulmaz elan edirsən. Eyni arqumenti fərqli adamlar üçün işlətmək sənə yaraşırmı? Deməli, məşqçinin uğurunu görməyib geyimindən danışmaq pisdir, amma idarəçilərin maaşını sorğulamaq qəbahətdir? Sən fərqləndirə bilmirsən ki, burada söhbət şəxsi mülkdən yox, ictimai vəsaitlərdən gedir.
Bir daha xatırladıram ki, jurnalistlərin və azarkeşlərin AFFA-nın fəaliyyətini sorğulamaq haqqı var. Maaşlar da, görülən işlər də, sərf olunan büdcə də açıq şəkildə müzakirə olunmalıdır. Futbol heç kimin şəxsi mülkü deyil və vəzifə daşıyan hər kəs hesabat verməlidir.

Belə qənaətə gəlirəm ki, əgər AFFA üçün “qəhrəman” lazımdırsa, tənqidçilər də cəmiyyət üçün vazkeçilməzdir. Amma tənqidi həzm etmək də xüsusi bacarıq tələb edir.
Biz nə etdiyimizi bilirik və sən də bil ki, həqiqət gec-tez üzə çıxacaq. 

Mirələm Həsənli 


Paylaş: