AFFA-nın statik vitse-prezidenti

  • Dünən, 22:25

AFFA-nın İcraiyyə Komitəsində vitse-prezident postunda yer alan Balakişi Qasımov televiziya sahəsində peşəkarlığını təsdiqləmiş bir fiqur kimi tanınır. Lakin futbol idarəçiliyində onun rolu hələ də müəmmalı olaraq qalır. O, nə ön plandadır, nə də proseslərə açıq şəkildə təsir etdiyini göstərir. Sanki özünü kölgədə saxlayaraq passiv müşahidəçi mövqeyində dayanmağa üstünlük verir. O, AFFA-nın idarəetmə kabinəsində sükanı tutan, amma rulu çevirməyən bir kapitan təsiri bağışlayır.

Sanki görünməmək strategiyasını özü üçün əsas xətt kimi seçib – nə meydanda, nə də inzibati qərarların mərkəzində açıq şəkildə varlığını hiss etdirir. Bu yanaşma bizə tanışdır. “Sabah” klubunda da oxşar vəziyyət müşahidə edilirdi: de-yure rəhbər olmasa da, de-fakto proseslərin müəyyən bir istiqamətdə yönləndirilməsində iştirak edirdi. Orada ipi Maqsud Adıgözəlova təhvil vermişdisə, AFFA-da da oxşar mexanizmin işə düşdüyü ehtimalı az deyil.

Görünən odur ki, onun idarəetmə fəlsəfəsi kölgədə qalaraq proseslərə dolayı təsir etməyə əsaslanır. Yəni məsuliyyət yükünü daşımaqdan çəkinən, lakin özünü də tamamilə oyundan kənarlaşdırmayan bir model. Amma fakt odur ki, onun mövcudluğu futbolun inkişafına yönəlik aktiv addımlarla müşayiət olunmur.

Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, AFFA futbolun inkişafını təmin etməli olan bir struktur kimi fəaliyyətdə olmalıdır. Burada isə liderlik, vizion və real addımlar tələb olunur. Lakin Qasımovun futbol idarəçiliyində hələ də konkret iz qoyacaq bir təşəbbüsü görünmür. Onun mövcudluğu strukturun dinamikasına nə dərəcədə təsir göstərir? Yaxud ümumiyyətlə, təsir göstərirmi? Suallar çoxdur, lakin cavablar eynidir. Susqunluq, qeyri-müəyyənlik və dəyişiklik adına heç nə...AFFA-da dəyişən adlar olsa da, metod eyni qalır. Passiv müşahidə, təxirə salınmış qərarlar və məsuliyyəti ünvansız buraxmaq...

Yaxşı insan olmaq bir xüsusiyyətdir, amma idarəçilik başqa bir bacarıq tələb edir. Şəxsi keyfiyyətlər idarəetmə bacarıqları ilə qarışdırılmamalıdır. Söhbət televiziyadan yox, futboldan gedir. Futbol isə idarəedici şəxslərin kimliyindən daha çox, onların atdığı addımlarla dəyişir. Hazırda isə bu istiqamətdə ciddi dinamika görünmür. Qasımov var, amma futbol adına ortada yeniliklər yoxdur. Futbol idarəçiliyində Qasımovun varlığı ilə yoxluğu arasındakı fərq nədir? Görünür, sualın özü cavabdan daha mənalıdır. Qasımov var, amma futbol adına ortada yenilik yoxdur. AFFA-nın tribunalarında səssizlik hökm sürür, meydanda isə eyni köhnə oyun davam edir.

Futbol emosiyalar üzərində qurulsa da, onu idarə etmək rasional qərarlar, strateji düşüncə və təsirli mexanizmlər tələb edir. Lakin hazırkı mənzərə dəyişməz, statik və səthi bir idarəçilik modelinin davam etdiyini göstərir.

Mirələm Həsənli 


Paylaş: