
AFFA-nın babat layihəsi: 70 səhifəlik sənəd reallığa çevrilə bilərmi?
Azərbaycan futbolunda yeni bir eranı müjdələyən, lakin kağız üzərində islahatlardan o tərəfə keçib-keçməyəcəyi sual doğuran AFFA-nın 70 səhifəlik inkişaf strategiyası layihəsi hələ ki, babat hadisə kimi görünür.
“Yaratmaq”, “hazırlamaq”, “formalaşdırmaq”, “təmin etmək”, “həyata keçirmək”, “dəstək göstərmək” – strategiya layihəsində əsas hərəkətverici feillərdir. Ancaq məsələ ondadır ki, Azərbaycan futbolunda ən çox işlənən, lakin reallıqda ən az rast gəlinən feillər də elə bunlardır.
70 səhifəlik sənədin yükü olduqca ağırdır: Görüləcək işlər ciddi maliyyə tələb edir. Böyük ehtimal yeni layihə kifayət qədər yüksək büdcə ilə icra olunacaq. Məsələ də məhz buradadır — hər kəsin diqqəti məhz icra prosesinə yönələcək. Keçmiş təcrübə göstərir ki, kağız üzərində gurultulu görünən vədlər icrada sönük və cansız qala bilər.
Görüləcək işlər, planlaşdırılan dəyişiklər və inkişaf üçün əlbəttə ki, insan resursu lazımdır. Amma AFFA bunu bacaracaqmı? Ən qəliz və problemli məsələ də məhz icradır. Çünki sadalanan dəyişikliklərin həyata keçirilməsi üçün gərəkli olan təkcə vəsait deyil, həm də peşəkarlıq, strateji baxış və dürüst idarəçilikdir. Lakin Azərbaycan futbolunun infrastruktur cəhətdən çox geridə qaldığını nəzərə alsaq, burada suallar qaçılmaz olur: bu işləri icra edəcək ixtisaslı şəxslər həqiqətən varmı? Onlar düzgün seçiləcəkmi? Maliyyə vəsaiti həqiqi inkişaf üçünmü xərclənəcək, yoxsa "tender reallıqları" çərçivəsində əriyəcək? Ən mühüm sual budur: bu icra prosesi real nəticə verəcəkmi, yoxsa əvvəlki layihələr kimi rəflərdə tozlanacaq?
Hələ ki, AFFA-dan səs-soraq yoxdur. Hər kəs icranı gözləyir. Biz də gözləyirik. Sadəcə olaraq, bəzi suallarımızı əvvəlcədən qeyd etməklə, ehtimal olunan uğursuzluğun haradan qaynaqlana biləcəyini xatırlatmaq istəyirik. AFFA-nın bu dəfəki “yaratma”, “hazırlama” və “formalaşdırma” cəhdlərinin real futbol meydanlarına nə dərəcədə təsir edəcəyini yalnız zaman göstərəcək. Ümid edək ki, bu dəfə nəinki kağız, həm də meydançalar “yaşıl” olacaq.
Mirələm Həsənli