
Azarkeşlər millimizdən imtina etdi - FOTO
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Monteneqro ilə oyuna azarkeş qrupunun dəstəyi olmadan çıxacaq.
Sportlife.az xəbər verir ki, “Göyqurdlar” sosial şəbəkə hesabında məlumat yayaraq, yığmanın bu gün keçiriləcəyi I tur oyununda hava şəraiti ilə əlaqədar iştirak edə bilməyəcəklərini açıqlayıb.
Azarkeş qrupu, qarşılaşmanı Mərdəkanda təşkil etdiyinə görə AFFA-ya etirazını da bildirib:“Bu gün Azərbaycan - Monteneqro oyununda planlaşdırılan iştirakımızı hava şəraitinin kəskin pisləşməsi səbəbindən ləğv edirik.Son məlumatlara əsasən, əksər şəhərkənarı yollar buz bağlayıb və nəqliyyat üçün təhlükəlidir. Bizim üçün ən vacib olan üzvlərimizin təhlükəsizliyi və sağlamlığıdır, buna görə də bu qərarı vermək məcburiyyətində qaldıq. Bir daha soruşuruq: Belə hava şəraitində və qış fəslində, şəhərdən kənarda yerləşən stadionda oyun təşkil edərkən azarkeşləri düşünürdünüzmü? Azarkeşlərin stadiona gəlməsini istəyirsinizsə, növbəti dəfə “11” dəfə düşünün. Biz hər zaman komandamızın yanındayıq, amma bu münasibəti görmək də istəmirik. Azarkeş sadəcə bilet alan müştəri deyil, futbolun ruhudur!”
Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da baş tutacaq görüş saat 15:00-da start götürəcək.