
AFFA hakimləri "məsləhət" alqoritmi ilə seçir - Yeni təyinat modeli
XXI əsrin müasir futbol idarəçiliyində qərarların məntiq çərçivəsində verilməsi, şəffaflığın təmin olunması və ictimaiyyətin aydın məlumatlandırılması əsas meyarlardan biri hesab olunur. Lakin görünən odur ki, AFFA Hakimlər Departamenti bu ali prinsipləri “yəqin, elə məsləhət görüblər” düsturu ilə əvəz edərək futbol idarəçiliyini mistik-sufi təfəkkürünə bürümək qərarına gəlib.
İnqilab Məmmədovun ötən tur baş hakim postunda görünməməsi, bu tur isə yalnız VAR otağında məskunlaşması suallar yaradır. Bəli, məhz suallar. Çünki ortada sual deyil, suallar var! Əgər məsələ cəza deyilsə, bəs onda hansı futbol-metafizik qanunauyğunluq bu təyinatlara yön verir? Hakimlərin təyinatı hansı məxfi alqoritm əsasında müəyyən edilir? Bəlkə ulduzların düzülüşü, yoxsa qədim kahinlərin bizə bəlli olmayan peyğəmbəranə qətiyyətləri?
Ömər Paşayevin “Xeyr, bunun cəza ilə əlaqəsi yoxdur” cümləsindən sonra gətirdiyi “yəqin, elə məsləhət görüblər” izahı isə məntiqi zəncirdə elə bir boşluq yaradır ki, oradan bütöv bir futbol federasiyası düşüb yoxa çıxa bilər. “Məsləhət” nəyin əsasında verilir? Kimin məsləhətidir bu? Məsləhət verənlər məsləhət almağa ehtiyac duymurmu?
Əgər hakimin idarəçiliyində problem yoxdursa, niyə baş hakim deyil? Yox, əgər problem varsa, niyə VAR hakimi kimi ekrandan qərar verməyə davam edir? Hakim cəzalandırılmırsa, amma oyunlardan uzaqlaşdırılırsa, o zaman futbolçular sarı vərəqəni görüb meydanda qalmağa davam edə bilərmi? AFFA-nın bu yeni “məsləhət” strategiyası futbol qaydalarında inqilabi dəyişikliyə səbəb olacaqmı?
Belə görünür ki, Azərbaycan futbolu artıq təkcə idman meydanında deyil, terminoloji müəmma səhnəsində də çempionluğa oynayır. Sonda isə bizə yalnız bir şey qalır: Hakimlərin taleyüklü təyinatlarının hansı “məsləhətlər” əsasında verildiyini anlamağa çalışmaq və futbolumuzun möcüzəvi qərarlar məbədinə çevrilməsini izləmək.
Mirələm Həsənli