Vaqif Cavadov qol yerinə bəhanə axtarır

  • Bu gün, 12:23

Vaqif Cavadov mətbuatı ədalət savaşına səsləyib. Hakimlər səhv etdi, qərarlar qərəzli idi, penalti verilmədi... 9 oyundur qol vurmamağın günahı da referidədir?

Mətbuata “təhlil edin, qiymət verin” deməsi, əslində, “mənim yerimə danışın” deməkdir. Bəs “Sumqayıt” meydanda nə etdi? Qol vurmadan qalib gəlmək yalnız xəyallarda mümkündür.

 Hakim qərarları “Sumqayıt”ın fəlakətini ört-basdır edə bilməz. Əsl problem meydançada – qol vurmaqda, oyun qurmaqda, strategiyada axtarılmalıdır. Əgər hücumlar nəticəsizdirsə, futbolçular qapını nişan almağı unudublarsa, o zaman günahı kənarda axtarmaq sadəcə reallıqdan qaçmaqdır.

Ədalət? Əgər doğrudan da haqq axtarılırsa, klub rəhbərliyi niyə danışmır? Riad Rəfiyev haradadır? Mətbuat nəyə görə “Sumqayıt”ın haqqını qorumalıdır, əgər klubun öz prezidenti AFFA rəhbərliyini qəzəbləndirməmək üçün susursa?

Əgər klub öz haqqını tələb etmirsə, mətbuat bunu niyə etsin? Əgər hakimlik haqsız olubsa, niyə klub rəhbərliyi etiraz etmir, rəsmi şikayət vermir, epizodları ictimaiyyətə təqdim etmir? Çünki bu, onlara lazım deyil. Onlar mətbuatın döyüşməsini istəyirlər, özləri isə susub AFFA-nın qəzəbinə tuş gəlməməyə çalışırlar.

Əgər komanda qol vura bilmir, rəqib qapısını 9 oyundur silkələyə bilmirsə, hansı hakim bu problemi həll edəcək? İddia etmək asandır, amma futbolu sözlər yox, qollar qazandırır.

Cavadov mətbuatı “hücumçu” mövqeyinə çağırır. Amma mətbuat qol vura bilməz, onu ancaq komanda vura bilər. Əgər “Sumqayıt” elitada qalmaq istəyirsə, əvvəlcə qapını nişan almağı öyrənməlidir, bəhanə axtarmağı yox.

Mirələm Həsənli 


Paylaş: