Samir Abasov: "Yanımdakılar deyirdi ki, indi vuracağıq"

  • Dünən, 23:01

"Penaltinin olub-olmadığını görmədim, baxmamışam. Köməkçilərim monitor vasitəsilə baxdılar və gördülər ki, penalti var. Rəqib həmkarım Vaqif Cavadovun dediyi penalti epizodu öz komandasına aiddir. Bunlara da baxıb fikrimizi bildirəcəyik. Əsas odur ki, komandamızdan və 3 xalımızdan razıyıq".

Sportlife.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIV tur matçından sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis əlverişsiz hava şəraitinin oyuna təsir etdiyini bildirib: "Belə oyun haqqında danışmaq belə, çətindir. Elə hava şəraitinin özü oyunun tempini öldürür, səni daha çox səhvlərə məcbur edirdi. Yaxşıya doğru getdiyimiz durumda bizim üçün əlverişli bir şey deyildi. Kənardan baxanda görürsən ki, meydança yaşıldır, qar təmizlənib, amma sürüşkən meydançada top saxlamağa vaxt sərf etmək və qərar verməkdə gecikməyimiz normaldır. Rəqibin oturuşmuş müdafiəsini yarmaq çətin idi. Belə oyunun nəticəsi ya heç-heçə, ya 1:0 olar, ya da əks-hücumda qol buraxarsan. Bunlar illərdir keçdiyimiz bir şeydir. Əsas odur ki, öz komandamdan razıyam. Səbirli olduq və şəraitə baxmadan sonadək inandıq. Hətta yanımda oturanlar da deyirdilər ki, indi vuracağıq. Bir epizodda Filip Ozobiç topu arxaya ötürsəydi, qol ola bilərdi".

Abasov oyunun sonlarında 4 müdafiəçili sistemə keçmələrinin daimi olmayacağını söyləyib: "Qarşıdakı görüşlərdə bu cür davam etməyi hələ düşünmürük. Çünki bunun acısını "Araz-Naxçıvan"la oyunda çəkdik. Bu gün üçün əlimizdəki oyunçulara görə 4-lü müdafiə sisteminə keçdik. Amma sabah-birisigün nə olacağını bilmirəm. Komandamız ənənəvi sistemimizə öyrəşib, təlim-məşq toplanışlarında da bunun üzərində çox dayandıq. Həm də oyunçular bir-birilərini sığortalamaqda rahat olurlar. Nəticəsi də budur ki, öz səhvlərimiz bir kənara, meydanda rəqibə qol imkanlarını az veririk. Oyunun gedişatında 4-lü müdafiə sisteminə keçmək olarmı? Bu, artıq risk deməkdir və qəliz məsələdir. Əksinə, düşünürəm ki, mövcud sistemimiz üzərində mövsümün sonunadək duraraq, təkmilləşdirməyimiz daha yaxşı olar".

Baş məşqçi son oyunlarda qazanılan qələbələrin kollektivdə əhval-ruhiyyəni yüksəltdiyini vurğulayıb: "Baş məşqçinin son oyunlardakı nəticələrimizdə əməyinin olub-olmamasını bir kənara qoyaq. Qalibiyyətlərin özü əhval-ruhiyyəni, motivasiyanı düzəldir və komandanı gələn oyuna hazırlamağa kömək edir. Kollektivdəki ab-havanın həddən artıq yüksək olduğunu deyərdim, amma turnir cədvəlindəki vəziyyətimiz buna imkan vermir. İstəyimiz daha da irəli getməkdir. 1:0 hesabı ilə qalib gəlmişik, qələbə topunu uzatma dəqiqələrində vurmuşuq. Bunu da pis qəbul edənlər olacaq. "Sən necə "Neftçi"sən ki, oyun başlayanda qol vurmamısan", "2-3 dəfə fərqlənməmisən" deyənlər də olacaq. Sizi əmin edirəm. Əsas odur ki, komandanın içində olan bir şəxs kimi əhval-ruhiyyənin həddən artıq yaxşı olduğunu görürəm. Uşaqlar əvvəlki vaxtlarla müqayisədə, indi bir-birilərinə xeyli bağlanıblar. Bunu əvvəlki baş məşqçi ilə əsla əlaqələndirmirəm. Sadəcə, nəticələr uşaqların üzərində psixoloji basqı yaradırdı".

Yeni transferlər Bassala Sambu və Aleks Fernandesə gəlincə, Abasovun sözlərinə görə, ilk aylarda futbolçuya qiymət vermək özü üçün çətindir və heç vaxt bunun tərəfdarı olmayıb: "Xüsusən, indiki hava şəraitində. Hansı ki, sənin oynadığın müddət yalnız mübarizədə keçir. Hər bir futbolçumuza inanırıq. Çempionatın sonunadək hərəsi bir oyunda xeyir versə, irəli getməyimizə kömək olacaq".

Təcrübəli mütəxəssis müntəzəm səhvləri ilə yadda qalan müdafiəçi Yuri Matiası start heyətində oynatmaqda heç vaxt tərəddüdünün olmadığını söyləyib: "Yalnız səhvlər üzərində duran insan olmadığımdan, belə fikirlərə düşməmişəm. Amma buna baxmayaraq, qorxumuz olub. Gördünüzmü, Alfa Konte az qala öz qapımıza qol gətirəcəkdi. Bu, mövsümün əvvəlindən alnımıza yazılmış bir bəxtsizlikdir. Start heyətə Filip Ozobiç, yoxsa yeni transfer Aleks Fernandeslə başlayım düşüncələri var idi. Bunlar da normaldır". 

Abasov Ramil Şeydayevin "Sumqayıt"la görüşdə oynamamasını rəqabətə dözə bilməməsi ilə əlaqələndirməyib: "Bu gün heç bir futbolçunun rəqabət problemi yoxdur. Sadəcə, bu, futboldur. 24 futbolçumuz var, meydana isə 11-i çıxır. Ramil Şeydayevdə əsla bir problem görmürəm. Bəzi oyunlarda Şeydayev meydana start heyətdə çıxmışdı. Adlar sarıdan heç bir futbolçuda problem yoxdur. Bəlkə özlərində ötən oyundakı zəif çıxışına görə psixoloji cəhətdən nələrsə ola bilər. Amma bunu da özümüz üçün problem saymırıq və çalışırıq ki, hər birini növbəti oyuna yaxşı hazırlayaq".


Paylaş: