
Cahangir Fərəcullayevin möhtəşəm debütü – Fotosessiya!
AFFA rəhbərliyi Azərbaycan futbolunun nadir incilərindən olan Nazim Süleymanovun 60 illik yubileyində onu təbrik edərək yadda qalan xatirə hədiyyəsi təqdim edib. Amma bu tədbirdə daha maraqlı bir detal diqqətdən qaçmamalıdır: AFFA-nın yeni baş katibi Cahangir Fərəcullayevin möhtəşəm debütü!
Cahangir bəy futboldan nə qədər uzaq olsa da, mərc oyunları sahəsində qazandığı təcrübə ilə artıq AFFA-nın fundamental sütunlarından biri kimi fəaliyyətə başlayıb. Əlbəttə, baş katibin vəzifəsi çoxşaxəlidir – bəzən protokol görüşlərində gülümsəyib forma təqdim etmək, İcraiyyə Komitəsinin iclaslarında şəkil çəkdirmə sessiyalarında iştirak etmək, bəzən isə sadəcə AFFA-nın dəhlizlərində idman atmosferi yaratmaq...
Məlumdur ki, Azərbaycanda baş katib vəzifəsi futboldan daha çox inzibati manevr qabiliyyəti tələb edən, mürəkkəb strateji balansı qoruyan bir mövqedir. Bu post futbolu inkişaf etdirmək əvəzinə, futbolun inkişafı haqqında danışmaq, imic formalaşdırmaq və simvolik jestlərlə strukturlaşmış idarəçilik mexanizmlərini işlətmək üçün nəzərdə tutulub.
Bu yubiley mərasimi bizə bir həqiqəti yenidən xatırlatdı: Azərbaycan futbolunda ən əsas atribut nə texniki bilikdir, nə strateji baxış, nə də infrastruktura yönəlmiş konkret layihələr. Əsas məsələ – keyfiyyətli şəkil çəkdirmək və təbəssüm balansını qorumaqdır. AFFA rəhbərliyinə yeni dövrdə daha çox fotoşəkil uğurları arzulayırıq. Çünki futbol təkcə oynamaq deyil, həm də "oynamaqdır".
Mirələm Həsənli