
Messidən forma istəyən hakim cəzalandı
KONKAKAF Çempionlar Liqasının 1/16 final mərhələsinin "Sportinq Kanzas Siti" - "İnter Mayami" oyununun (0:1) baş hakimi Marko Antonio Ortiz Nava cəzalanıb.
Sportlife.az xəbər verir ki, buna meksikalı referinin final fitindən sonra qonaq komandanın kapitanı Lionel Messiyə yaxınlaşaraq ondan formasını istəməsi səbəb olub.
Buna görə KONKAKAF matçın baş hakiminə sanksiya tətbiq edib. Bildirilib ki, referinin davranışı Konfederasiyanın Oyun Hakimləri üçün Davranış Kodeksinə uyğun gəlmir. Hakim səhvini etiraf edib, baş vermiş hadisəyə görə üzr istəyib.
Komandalar arasında cavab oyunu fevralın 26-na keçən gecə Mayamidə baş tutacaq.