
"Biz braziliyalılar bu cür oyunu sevirik"
"Turan Tovuz"un braziliyalı hücumçusu Aleks Souzanın Sportlife.az saytına müsahibəsi
- Artıq 2 mövsümdür Azərbaycan Premyer Liqasında çıxış edirsiniz. Ölkə çempionatı ilə bağlı təəssüratlarınız necədir?
- Yaxşı çempionatdır, rəqabətlidir, hər oyun dinamik keçir. Biz braziliyalılar bu cür oyunu sevirik. Ona görə də xoşbəxtəm.
- Türkiyə və Litva çempionatlarında da çıxış etmisiniz. Onlarla bizim çempionatımız arasında nə kimi fərqlər var?
- Türkiyə çempionatının Azərbaycan Premyer Liqasından çox da fərqi yoxdur. Baxmayaraq ki, mən orada çox oynaya bilmədim. Çünki zədəli idim. Litvada isə əksinə, çox matç keçirmişəm. Orada oyunlar daha sakit keçir. Azərbaycandakı kimi gərgin çempionat deyil.
- Baş məşqçiniz Kurban Berdıyevlə işləmək necədir? Ümumiyyətlə, oyun planı baxımından komandadan əsas tələbi nədir?
- Berdıyev çox rəqabətcil məşqçidir və o, futbolçularının hücuma yaxşı çıxmasını və inamla müdafiə olunmasını xoşlayır. Ön xətt oyunçularının sadəcə hücumda qalmamasını istəyən başqa məşqçilərim də olub. Burada hücuma çıxmaq və komandaya kömək etmək üçün geri qayıtmaq lazımdır. Onun oyun fəlsəfəsinə tez uyğunlaşdım.
- “Araz-Naxçıvan”a 1:0 hesabı ilə qalib gəldiyini oyun haqda nə deyə bilərsiniz?
- Çətin oyun oldu, həftə ərzində qələbə haqqında düşünərək çox hazırlaşdıq və hər şey yaxşı keçdi.
- Növbəti turda “Şamaxı” ilə qarşılaşacaqsınız. Bu barədə nə düşünürsünüz?
- Çətin oyun olacaq, 3 xalı qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Sizcə, “Turan Tovuz” avrokuboklarda oynamağa hazırdır?
- Təbii ki, bəzi şeyləri təkmilləşdirməliyik, amma hazır sayılırıq. Oyunları düşünməliyik. Əsas hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır.
Akif ƏHMƏDOV