
"Zirə"də Tyaqo müəmması: Gedəcək, yoxsa qalacaq?
"Zirə"nin qapıçısı Tyaqo Silva özünə yeni klub axtarır.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı qolkiper bu mövsüm Premyer Liqada cəmi 3 oyunda qapıda dayanıb.
Komandanı qış fasiləsində tərk etmək istəyən oyunçu yaxşı təklifi olmadığına görə mövsümün sonunu gözləyir. Böyük ehtimalla, yayda Bakı klubundan ayrılacaq.
Əldə etdiyimiz digər məlumata görə, Tyaqonun oynamama səbəbi legioner limitidir. Hazırda "Zirə"də 14 əcnəbi, 11 yerli futbolçu var.
Rəşad Sadıqovun digər mövqelərdə oynada biləcəyi yerli futbolçu olmadığından baş məşqçi çıxış yolunu Silvanı ehtiyatda saxlamaqda görür. Yəni, hər şey məcburiyyətdən belə alınır. Bu isə portuqaliyalını qane etmir. Klub mövsümün sonunda müqaviləsi başa çatacaq qolkiperi razı sala bilməsə, yəqin ki, yollar ayrılacaq.