
"Sabah"da “inkişaf düsturu": Uğursuzluq = Səlahiyyət artımı
“Sabah”ın bugünkü durumu acınacaqlıdır: Klub “Turan Tovuz”dan 7, “Zirə”dən 10 xal geridədir.
Problemin kökü isə məşqçidə yox, illərlə davam edən uğursuz idarəçilikdədir. Amma bu klubun sponsorları məntiqlə yox, vərdişlə hərəkət edirlər: Renduliç yola salındı, Berezutski gəldi. Nəticə? Daha da betər!
Əslində isə göz önündə olan Berezutskinin işi yox, “Sabah” rəhbərliyinin klubu hansı vəziyyətə salmasıdır. İllərdir deyirik: Maqsud Adıgözəlov klub idarə edə bilmir. Amma biz yazdıqca nələr baş verir? Adamı yüksəldirlər! “Sabah”ı batırır, indi də ondan ölkə futbolunu düzəldəcəyini gözləyirlər...
Əvvəllər uğursuz rəhbərlərin aqibəti istefa olurdu. Ya özləri ərizə yazırdılar, ya da göndərilirdilər. İndi isə uğursuz olduqca büdcə artırılır, səlahiyyətləri artırılır.
Bu sistemlə ölkə futbolunun hara gedəcəyini görmək çətin deyil. Amma görünən odur ki, kimsə ya bunu görmək istəmir, ya da elə belə də olmasını istəyir…
Mirələm Həsənli