
"Qəbələ" akademiyası fəaliyyətini dayandırır
"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılır.
Sportlife.az xəbər verir ki, bu barədə klubun rəsmi feysbuk səhifəsində paylaşım edilib.
Bu addımın maliyyə çətinlikləri səbəbindən atıldığı bildirilib: "Ötən mövsümdən başlayan maliyyə problemlərini aradan qaldırmaq üçün apardığımız hərtərəfli fəaliyyət, ayrılan maddi yardımlar, bunlarla yanaşı əməkdaşlarımızın uzun müddətdir göstərdiyi fədakarlıq tam güclə fəaliyyət göstərməyə, təəssüf ki, kifayət etmir. Bu qərar bizim üçün asan olmayıb. Klub olaraq məqsədimiz, gələcəkdə yenidən stabil maliyyə mühiti formalaşdıraraq akademiya fəaliyyətini daha güclü şəkildə bərpa etmək və gənc futbolçular üçün inkişaf imkanlarını genişləndirməkdir. Akademiyamızda illər ərzində zəhmət göstərmiş bütün məşqçilərə, işçilərə və xüsusilə də valideynlərin etimad göstərərək bizə əmanət etdikləri bütün gənc futbolçulara dərin təşəkkürümüzü bildiririk. "Qəbələ" Futbol Klubu olaraq, Azərbaycan futboluna xidmət missiyamız bundan sonra da davam edəcək".
Qeyd edək ki, "Qəbələ" yeni mövsümdən Misli Premyer Liqasında çıxış edəcək.