
İcra başçısı "Ağdaş"ın futbolçuları ilə görüşdü
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə “Ağdaş” klubunun futbolçuları ilə görüşüb.
Sportlife.az xəbər verir ki, rayon İcra Hakimiyyətində keçirilən görüşdə gənclərin sağlam həyat tərzi keçirməsi, idmana marağın artırılmasının, həmçinin futbolun inkişafının prioritet məsələlərdən olduğu qeyd edilib. “Ağdaş” futbol klubunun fəaliyyəti, peşəkar inkişafı, həmçinin gənc futbolçuların yetişdirilməsi istiqamətində hədəflər müzakirə olunub.
Eyni zamanda rayonda gənc nəslin potensialının gerçəkləşdirilməsi, onların sağlam, milli-mənəvi dəyərlərə hörmət ruhunda böyüməsi, asudə vaxtının səmərəli təşkili, məşğulluğunun təmin edilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması məsələləri ilə əlaqədar işçi qrupunun yaradılması üçün müvafiq tapşırıqların verildiyi qeyd olunub.
Sonda rayon rəhbəri yerli futbol klubunun üzvlərinə uğurlar arzulayaraq onlarla xatirə şəkli çəkdirib.