
Balakişi Qasımovun küskün performansı
Vaxtilə İctimai Televiziya vasitəsilə Elxan Məmmədovun yarıtmaz idarəçiliyinə qarşı səlib yürüşü başlatmış Balakişi Qasımovun bu günlərdəki sükutu düşündürücüdür. Qasımov indi federasiyada vitse-prezident statusunda passiv müşahidəçiyə çevrilib.
Cahangir Fərəcullayevin Parisdə Elxan Məmmədovla görüşməsi, onların gülümsəyən fotosunun AFFA-nın rəsmi resurslarında vitrinə çıxarılması Balakişi Qasımovun siyasi susqunluğunu daha kəskin şəkildə üzə çıxardı.
Hiss olunur ki, Balakişi bəy AFFA-dakı vəzifəsini “emosional uzaqlaşma” ilə icra edir. Görünür, Cahangir Fərəcullayevin AFFA-nın baş katibi təyin edilməsi və tam səlahiyyətlərin ona verilməsi Balakişi bəyin ürəyincə olmayıb, buna görə də Qasımov passiv rejimə keçməyə qərar verib. Bu isə futbolumuz üçün təhlükəli passivlik yaradır.
Əgər Balakişi Qasımov islahat istəyirdisə, indi niyə islahatsızlığa şərik görünür? Əgər bu küskünlükdürsə, o zaman bu küskünlük futbolun başında niyə çatlayır? Azərbaycan futbolu niyə onun incikliyinin bədəlini ödəyir?
Qasımovun “Sabah”dakı fəaliyyəti də bu yanaşmanın miniatür nümunəsi idi. Onun “kənara çəkilmə performansı” indi AFFA-da da təkrarlanır. O zaman Maqsud Adıgözəlovdan, indi isə Cahangir Fərəcullayevdən sonra...
Futbolda oyunu dəyişdirə bilən oyunçular meydanda olur. Əgər Qasımov bu meydanda yoxdursa, onda bu vitse-prezidentlik kimə və nəyə xidmət edir?
Mirələm HƏSƏNLİ