"Kəpəz"in problemi

  • 6 İyun 2024, 15:12

"Kəpəz” illərdir yeni sponsorun intizarını çəkir. Gözlə ha, gözlədi...

İdarə Heyətinin sədri İlqar Nadiri gözləyir ki, hansısa şirkət durduq yerdə kluba sponsorluq eləsin. Loru dildə desək, pul buraxsın. İstəməklə olur ki?

Əvvəla sponsor özü gəlmir, cəlb olunur. Bunun üçün ya güclü əlaqələrin olmalıdır, ya da işi düzgün qurmalısan. Oturub gözləməklə, mətbuata bir-birinə bənzər müsahibələr verməklə olsaydı 5 il ərzində ortada nəsə olardı...

İlqar Nadiri 5 ildir ki, möcüzə gözləyir. AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun kadrı sayılan Nadirini nələr gözləyir, Allah bilir...

Gəncə futbol azarkeşləri isə bu 5 ildə Nadiridən gözlədiklərini ala bilməyiblər. Nadiri AFFA-dan maliyyələşən klassik klub meneceri kimi ona-buna göstəriş verib, işə götürüb-işdən çıxarıb, AFFA-dan gələn maliyyəni bölüşdürüb, aylıq maaşını alıb.

Nadiri düşünə və bununla öyünə bilər ki, klubu çətin dönəmdə Premyer Liqada özü saxlayıb. Ancaq o, ötən mövsümə görə Tərlan Əhmədova, bu mövsüm isə Adil Şükürova şükür etməli olduğunu unutmamalıdır. Yarada bilmədiyi şəraitə rəğmən komandanın liqadakı yerini qoruya bildiklərinə görə...

 “Kəpəz” yenə heyətindəki futbolçuları itirə-itirə gedir. Ötən il olduğu kimi yenə "yarpaq tökümü"nə start verilib. Səbəb maliyyə problemidir. Problemi kim çözməlidir? – Klub rəhbəri! O isə hələ də axtardıqlarını deyir, klubu problemin içindən çıxara bilmir ...

 “Zaqatala” və “İmişli” kimi aşağı liqalarda çıxış edən klublar sponsor tapır. “Kəpəz” hələ axtarır. Danışıqlar gedir, ortaya bir nəticə hasil olmur. Bəlkə, İlqar Nadiridir problem?

Sportlife.az


Paylaş: