Murad Musayevlə EKSKLÜZİV MÜSAHİBƏ: Kaşukun transferindən Berdıyevə qədər

  • 4 Sentyabr 2024, 12:31

"Sabah"ın sabiq baş məşqçisi Murad Musayev Sportlife.az saytına müsahibə verib.

- Yəqin ki, “Sabah”da sevimli futbolçularınızdan biri olan Aleksey Kaşukun “Qarabağ”a keçdiyini bilirsiniz. Bu transferi necə şərh edərdiniz?

Aleksey Kaşuk ilyarımda Azərbaycanda keçirdiyi oyunlarda özünü yaxşı tərəfdən göstərdi. Həm fərdi olaraq yaxşı oyun sərgilədi, həm də komandasına çox faydalı oldu. Bu səviyədə futbolçunun yenidən Azərbaycan Premyer Liqasına qayıtması yaxşı haldır. "Qarabağ"ı təbrik edirəm ki, bu transferi həyata keçirə bilib. Düşünürəm ki, Aleksey "Qarabağ"ı, Qurban Qurbanov isə onu daha da güclü edəcək.

-"Sabah"dan ayrıldıqdan sonra Azərbaycan Premyer Liqasını izləyirsiz?

Açığı, çox vaxtım olmur. İşlərim buna imkan vermir. Amma təbii ki, "Sabah"ın oyunlarına baxmağa çalışıram. 90 dəqiqə olmasa da icmalları izləyirəm. Həmçinin Azərbaycan komandaların avrokuboklardakı oyunlarına da baxdım.

- "Sabah"ın avrokuboklardakı çıxışını necə qiymətləndirirsiniz?

Komanda "Makkabi" kimi kluba 6 qol vuraraq yüksək nəticə göstərdi. Yaxşı bilirəm ki, "Sabah"ın rəhbərliyi hücum oyununa üstünlük verməyin tərəfdarıdır. "Makkabi"yə qarşı komandanın çıxışı parlaq idi və yaxşı nəticə oldu. Növbəti oyunda təəssüf ki, alınmadı. Hər iki görüşdəki qırmızı vərəqə "Sabah"ın oyununa ciddi təsir etdi. Komanda yaxşı mübarizə aparsa da, mərhələni keçə bilmədi. Amma "Sabah" üçün ən əsas avrokubokdakı uğursuzluqdan sonra xarakter göstərməsi idi.  Komanda ruhən sınmadı. Onlar səfərdə "Neftçi"ni məğlub etdilər, daha sonra isə "Sumqayıt" və "Kəpəz" görüşlərində vacib qələbə qazandılar. Bu, Azərbaycan çempionatında çox önəmlidir. İndi "Sabah"da yaxşı komanda formalaşıb. Bu heyətlə uğurlu nəticə qazanacaqlarını düşünürəm. Mən onlara belə davam etməyi, yalnız irəli getməyi arzulayıram.

- Digər klublarımızın da avrokubok oyunlarınızı izlməyə vaxt tapdınız?

Bəli, mümkün qədər izlədim. "Qarabağ" bir daha öz səviyyəsini sübut etdi. Çempionlar Liqasında qrupa düşməyə çox yaxın idilər. "Dinamo" ilə görüşlərdəki hesab oyuna görə deyildi. Ancaq Avropa Liqasında mübarizə aparacaqlar. Yeni formatdakı bu turnirin çox maraqlı olması gözlənilir. Burada "Ayaks", "Lion", "Tottenhem" kimi adlı-sanlı klublar var. "Qarabağ"ın oyunlarını izləməyə davam edəcəm. Onar hər il böyük işlər görürlər. Bu mövsüm də ötənilki kimi uğurlu olmalarını arzu edirəm. "Zirə" üçün də xoş sözlər söyləmək olar. Onlar da güclü rəqiblər keçdi. Pley-offda uduzsalar da, gələcəyə addım olaraq böyük təcrübə qazandılar.  Rəşad Sadıqov bunların hamısını futbolçu kimi keçib. İndi isə məşqçi kimi irəliləyir, püxtələşir. 

- Kurban Berdıyevin Azərbaycanda çalışdığını yəqin ki, bilirsiz. Sizcə o, burada uğur qazana biləcək?

Əlbəttə, bilirəm. Bu səbəbdən də çalışıram "Turan Tovuz"un oyunlarını izləyim. O, çox böyük məşqçidir. Rusiya çempionu olub, ölkə kubokunu qazanıb, "Barselona", "Atletiko" və "Tottenhem" kimi güclü rəqibləri məğlub edib. Berdiyev böyük məşqçidi. Bu, Azərbaycan çempionatı üçün üstünlükdür. Onun çalışdırdığı komandalara qalib gəlmək asan iş deyil. Əgər o, "Turan Tovuz"a gəlibsə, əminəm ki, rəhbərlik ona yaxşı şərait yaratmağa söz verib. Əgər deyilən şərait ona yaradılsa, Berdiyev Azərbaycan futboluna çox şey qata bilər. Fürsətdən istifadə edib oradakı bütün futbolsevərlərə, həmkarlarıma salam deyirəm. Onları daima böyük sevgi ilə yad edirəm.


Paylaş: