"Kəpəz" dərin böhranda: Xalsız, qolsuz, ümidsiz!

  • 23 Avqust 2024, 21:49

Gəncə təmsilçisi "Kəpəz" Premyer Liqanın yeni mövsümünə 4 ardıcıl məğlubiyyətlə başlayıb. Getdikcə artan fərqlərlə məğlubiyyətlər komandanın gücü və liqadakı gələcəyi ilə bağlı ciddi suallar doğurur.

Komandanın perfomansı sadəcə məğlubiyyətlərlə deyil, həm də qol vurma qabiliyyətinin olmaması ilə də narahatlıq yardır. Hər turda buraxılan qolların sayının artması, vəziyyətin düzəlmək əvəzinə daha da pisləşdiyini göstərir.

"Kəpəz"in qol vurmaqda çətinlik çəkməsi ciddi problemdir. 7 legioner futbolçuya sahib olmasına baxmayaraq komanda hücumda bir-birini anlamır, aydın qol şansları yaratmaqda və ya mövcud fürsətləri dəyərləndirməkdə çətinlik çəkir.

Dörd oyunda 12 qol buraxmaq müdafiədə böyük problemlərin olduğunu göstərir. Müdafiə xətti nizamlı görünmür və rəqib komandalar bu boşluqlardan asanlıqla istifadə edir. Hər oyunda daha çox qol buraxmaq, müdafiə strategiyasının ya düzgün qurulmadığını, ya da icra olunmadığını göstərir.

Baş məşqçi Adil Şükürov böyük təzyiq altındadır. Ancaq onun taktiki yanaşmasının mövcud heyət üçün uyğun olmaması ehtimalı var. Komandanın hər oyunda onun taktikasına uyğunlaşa və yaxşı oyun sərgiləyən bilməməsi ya düzgün oyun planlaşdırılmasının olmadığını, ya da futbolçuların məşqçinin göstərişlərini yerinə yetirə bilmədiyini göstərir.

Klubun rəhbərliyi, xüsusilə də İlqar Nadiri ciddi narahatlıq içində olmalıdır. Görünən odur ki, 6 yeni legioner futbolçu gətirilməsi qərarı gözlənilən nəticələri verməyib və bu da transfer əməliyyatlarını sual altında salır.

Adil Şükürovun komandanı bu böhrandan çıxara biləcəkmi? Ciddi dəyişikliklər edilməsə, xalsız və qolsuz qalan "Kəpəz" Premyer Liqanı tərk etmək məcburiyyətində qalacaq. Qarşıdakı oyunlar komandanın mövsümü xilas edib-etməyəcəyini və ya Premyer Liqanı tərk etmək məcburiyyətində qalıb-qalmayacağını müəyyən edəcək.

"Kəpəz"in hazırkı vəziyyəti ürəkaçan deyil. Həm hücumda, həm də müdafiədəki zəif perfomanslar klub daxilində sistemli problemlərin olduğunu göstərir. Bir sözlə, Gəncə təmsilçisi fəlakətli bir mövsümə doğru gedir. İdarə heyəti, məşqçilər və futbolçular bu problemləri təcili həll etməlidirlər ki, Premyer Liqada rəqabətə davam gətirə bilsinlər.

Sportlife.az


Paylaş: