Santuş: “Mən oyundan qabaq da, penalti olanda da, Emin Mahmudov deyirdim”

  • 5 Sentyabr 2024, 23:13

- Oyuna hücumlarla başladıq, şanslarımız oldu. Təəssüf ki, həmin epizodlar qolla nəticələnmədi. Sonradan isə müdafiədən oynadıq. İsveç kifayət qədər güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynamağa çalışdılar. Ancaq İsveç bizi sıxırdı. Müdafiədə oynamağımıza baxmayaraq, hücum etmək üçün şans axtarırdıq. Birinci hissənin sonunda bir neçə şansımız oldu ki, qol vuraq. Təəssüf ki, hücumumuz qolla nəticələnmədi. Eyni zamanda penaltini də əldən verdik. İkinci hissədə yaxşı oynadıq. Qol şanslarımız var idi. Hücumları uğurlu sonlandıra bilmədik. Uşaqlar verdiyim tapşırıqları maksimum düzgün yerinə yetirməyə çalışdılar. Bəzi səhvlərimiz oldu, rəqib də yararlanaraq qollar vurdular. Həvəsdən düşməmişik, görəcəyimiz işlər qarşıdadır. Kifayət qədər yaxşı nəticələr verə bilərik.

Sportlfe.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Fernandu Santuş İsveçlə (1:3) görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Penalti zərbəsini vurmaq Ramil Şeydayevin qərarı idi?

- Mən oyundan qabaq da, penalti olanda da, Emin Mahmudov deyirdim.

- Görmək istədiyinizin neçə faizini gördünüz?

- Hücum oyunumuzdan 100 faiz razıyam. Futbolçular tapşırıqlarımı yerinə yetirdilər. Daim qol vurmağa cəhd edirdilər. Müdafiə planında isə 50 faiz razıyam. Əslində, pis deyildik. Sadəcə müdafiənin təşkilində problem var idi və tez-tez top itirirdik. Azərbaycan millisi 4 səhvə yol verdi, İsveç isə 20 səhvə. 

- Heyəti açıqlayanda demişdiz ki, Azərbaycan millisi ölkənin bayrağı, himni üçün mübarizə aparmalıdır. Amma bir komanda ki, himni oxumursa, o komanda necə Azərbaycan üçün mübarizə apara bilər?

- Mən sizinlə müəyyən mənada razılaşmıram. Hamı qələbə qazanmaq istəyirdi. Oyunçular əllərindən gələni etdilər.

- Qapıçı seçimində həlledici amil nə oldu? Onun çıxışından razı qaldınız?

- Ondan razıyam. Bir çox epizodları qutardı. Amma bu komanda oyunudur.

- Emin Mahmudovu əvəzləyəndə nəyi dəyişmək istəyirdiz?

- Oyunun gedişatına uyğun dəyişiklik etdim.

- Penalti epizodunda Emin Mahmudovdan topu aldığı üçün Ramil Şeydayevi cəzalandıracaqsız, yoxsa Eminin özünü?

- Komandadaxili məsələdir. Sabah bununla bağlı müzakirə aparacağıq.


Paylaş: