"Sumqayıt"da dalğalı günlər: Ardıcıl məğlubiyyətlər və daxili gərginlik

  • 14 Sentyabr 2024, 20:56

"Sumqayıt" bu gün ardıcıl üçüncü məğlubiyyətini aldı və bu, “gənclik şəhəri” təmsilçisinin yeni mövsümdə keçirdiyi altı oyundan dördüncü yenilgisidir.

Görünən odur ki, klubda işlər yaxşı getmir. Nəticələrin pisləşməsi daxili problemlərə işarədir. Maaşların gecikməsi, futbolçuların qələbə qazandığı oyunlardan sonra mükafatlarını ala bilməməsi növbəti matçlara da öz mənfi təsirini göstərir. Bu, həm fiziki, həm də psixoloji olaraq komanda üzərində təzyiq yaradır və futbolçuların motivasiyasını aşağı salır.

Maaş və mükafat problemləri yalnız maddi baxımdan deyil, eyni zamanda komandanın birliyini də sarsıdır. Klub rəhbəri Riad Rəfiyevin bu problemin həlli ilə bağlı konkret addımlar ata bilməməsi vəziyyəti daha da çətinləşdirir. Futbolçuların maddi narahatlıqları meydançada göstərdikləri oyuna da mənfi təsir edir. Nəticələr isə göz qabağındadır.

Klub daxilində baş məşqçi Samir Abbasovla Riad Rəfiyev arasında yenidən soyuq küləklərin əsməsi barədə söz-söhbətlər də yayılıb. Bu münasibətlərin yenidən gərginləşməsi komandanın perfomansına təsir etməklə yanaşı, Abbasovun liderlik qabiliyyətini də zəiflədir. Baş məşqçi ilə rəhbər arasında belə gərginliklər adətən komandada təşkilati boşluqlar yaradır və futbolçuların motivasiyasını daha da aşağı salır.

Vəziyyət belə davam edərsə, "Sumqayıt"ı qarşıda çox çətin bir mövsüm gözlədiyini söyləyə bilərik. Maaş və mükafat problemlərinin həll olunmaması, daxili konfliktlərin həllini tapmaması nəticələrin daha da pisləşməsinə və komandada gərginliyin artmasına gətirib çıxara bilər. Klub rəhbərliyi və baş məşqçinin bu çətin günlərdə bir araya gələrək problemin həlli üçün səmərəli çıxış yolu tapmaları olduqca vacibdir.

Əks halda, "Sumqayıt" yalnız meydançada deyil, klub daxilində də daha böyük problemlərlə üzləşə bilər.

Sportlife.az


Paylaş: