"Kəpəz"də böhran zirvədə: Azarkeşlər narazıdır, rəhbərlik sussa da, rəqəmlər danışır

  • 14 Sentyabr 2024, 22:54

Azərbaycan Premyer Liqasında hər tur daha da dərinləşən "Kəpəz" böhranı artıq həm futbol ictimaiyyətində, həm də azarkeşlər arasında geniş narazılığa səbəb olub.

 6-cı turda da meydanı xalsız tərk edən Gəncə təmsilçisi mövsümdə xal qazanmayan yeganə komandadır. Bölgə klubu həm də Premyer Liqanın  ən çox qol buraxan kollektividir - 6 oyuna 16 qol.

"Kəpəz"in məğlubiyyətlər seriyası yalnız komandada deyil, həm də daxili strukturdakı problemləri üzə çıxarır. Azarkeşlər və veteranlar rəhbərliyin idarəetmə qabiliyyətini və təşkilatçılıq bacarığını şübhə altına alır, həmçinin dövlət tərəfindən ayrılan vəsaitlərin səmərəli şəkildə istifadə olunmadığını, lazımi sahələrə yönəldilmədiyini bildirirlər. İddialardan belə aydın olur ki, klubun maliyyə və idarəetmə strukturunda ciddi bir yenidənqurmaya ehtiyac var.

Klubun əsas söz sahiblərindən olan və qələbələr zamanı mətbuat qarşısında çıxış edən İlqar Nadiri məğlubiyyətlər seriyası fonunda gözə dəymir. O, bu çətin dönəmdə ictimaiyyət qarşısına çıxmır, klubdakı vəziyyəti necə düzəldəcəyi ilə bağlı konkret açıqlamalar vermir. Bu, onun məsuliyyətdən qaçması və böhranın daha da dərinləşməsinə səbəb olan bir faktora çevrilir.

"Kəpəz" kimi tarixi olan bir klubun belə ağır duruma düşməsi illərin irsi və ənənələrini sarsıdır. Klubun düşdüyü böhrandan çıxması üçün rəhbərliyin vəzifə məsuliyyətini dərk edərək, açıq hesabat verməsi gözlənilir. Lakin indiki məqamda bu, yalnız gözləntilərdən ibarətdir.

"Kəpəz" rəhbərliyi bu çətin dövrdən çıxmaq üçün konkret addımlar atmalı və problemlərin həllinə dair açıq bir plan təqdim etməlidir. Əks halda, böhranın davam etməsi və daha da dərinləşməsi ehtimalı yüksəkdir.

Sportlife.az


Paylaş: