Mehriban Əliyeva yenidən federasiya prezidenti seçildi
Azərbaycan Gimnastika Federasiyasının (AGF) hesabat-seçki xarakterli 16-cı ümumi yığıncağı keçirilib.
Sportlife.az xəbər verir ki, rəsmi açılışdan sonra federasiyanın vitse-prezidenti Altay Həsənov 2021–2025-ci illər ərzində federasiyanın fəaliyyəti, keçirilən yarışlar və əldə olunan nəticələr barədə video-hesabatla çıxış edib. O bildirib ki, son 5 ildə Azərbaycan gimnastikası dinamik inkişaf edib və gimnastlarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər.
AGF-nin maliyyə direktoru Viktoriya Abuşova isə 2021–2025-ci illər üzrə maliyyə hesabatını təqdim edib. Ümumi yığıncaqda federasiyanın Nizamnaməsinə müvafiq dəyişikliklər edilib və yeni redaksiyada təsdiqlənib. Federasiyanın Nəzarət-Təftiş və İntizam Komissiyalarının strukturunda dəyişikliklər aparılıb, Atletlər və Apellyasiya Komissiyalarının formalaşdırılması Nizamnamədə öz əksini tapıb.
Daha sonra İcra Komitəsinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mehriban Əliyeva növbəti 5 il müddətinə yenidən AGF-nin prezidenti (İcra Komitəsinin sədri) seçilib. Altay Həsənov federasiyanın vitse-prezidenti (İcra Komitəsinin sədr müavini), Rauf Əliyev, Rafiq Beybutov və Vəfa Bəkərova isə növbəti 5 il müddətinə İcra Komitəsinin üzvləri kimi təsdiq edilib.
İclasda “İntizam Qaydaları”, “Etika Qaydaları”, habelə “Gimnastikada təhlükəsiz mühitin təminatı və iştirakçıların şəxsiyyətinin qorunması Qaydaları” müzakirə olunaraq qəbul edilib. Belə ki, Mahir Rəfiyev, Elşad Nərimanov və Ruslan Mirzəzadə Nəzarət-Təftiş Komissiyasının üzvləri; Nazim Rəcəbov, Aytac Qasımova, Elmar Cəlilov, Namiq Əliyev və Jalə Əhmədova İntizam Komissiyasının üzvləri; Xaqani Məmmədov, Elçin Usub və Rəşad Axundov isə Apellyasiya Komissiyasının üzvləri seçilib.
Sonda 2025-ci ildə mötəbər yarışlarda yüksək nəticələr əldə etmiş idmançılar xatirə medalları ilə təltif olunub.