"Bu komandalara vacib şəkildə bacarıqlı funksionerlər lazımdır" - AÇIQLAMA

  • Bu gün, 15:51

“İllərdir ki, “Qarabağ” çempionatımıza öz ağırlığını qoyub. Bu dəfə lap pik həddinə çatdı. Artıq mövsümün sonuna 9 tur qalıb. Amma görün fərq nə qədərdir?! Bu uğurda əsas məsələ baş məşqçi amili, futbolçuların inamlı və istəkli olmaları, rəhbərliyin dəstəyidir”.

Bu fikirləri Sportlife.az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

Musayev eyni zamanda digər klubların səviyyəcə “Qarabağ”a çatması üçün nə etməli olduğunu da izah edib: “Digər klubların güclənməyi lazımdır. Mən inanmıram ki, onlar avrokuboklarda 1 mərhələ keçsinlər. Keçsələr də, zəif rəqibləri keçərlər. Bu komandalara vacib şəkildə bacarıqlı funksionerlər lazımdır. Eyni zamanda baş məşqçi və futbolçu seçimlərini düzgün etməlidirlər. Bu heyətlərlə komandalarımız avrokuboklarda 1 mərhələ keçsə, onlar üçün kifayət edəcək. Onların nə göstərdiyi oyun, nə də futbolçuların səviyyəsi daha çoxu üçün layiq deyil.

Vetran futbolçu “Qarabağ”ın Avropada builki çıxışlarını “inanılmaz” adlandırıb: “Bu cür bərbad çempionatda oynayıb, Avropanın məğlubedilməzilə heç-heçə etmək inanılmazdır. Bundan da əvvəl nəhəng futbol ölkəsi Portuqaliyanın komandası olan “Braqa”nı mübarizədən kənarlaşdırmaq möhtəşəm nailiyyətdir. “Qarabağ” başından 10 dəfə artıq oyun göstərir. Çempionatın bu mövsümü təzə başlayanda “Qarabağ” çox uğursuz start götürmüşdü. Amma mən həmin vaxt müsahibəmdə demişdim ki, “Qarabağ” bu il ən güclü dövrünü yaşayacaq. Elə də oldu. Fikirlərimdə yanılmadım. Məsələn, Kadi kimi aparıcı oyunçu getmişdi, amma əvəzində Benzia, Juninyo, Lunyov gəldi. Komandanın ritminə dözməyənlər də getdilər. “Qarabağ”da gedənlərin yerinə daha yaxşıları gəldi. Bu da Qurban Qurbanov amili ilə əlaqədardır. Bizi hər il yaxşı mənada təəccübləndirir.

 

Qulammirzə Səfərli


Paylaş: