"Hər şeyə hazırlıqlı olmalıyıq" - MÜSAHİBƏ

  • Bu gün, 17:01

"Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyevin Sportlife.az saytına müsahibəsi

- "Səbail"lə matçda komandanız 45 dəqiqə azlıqda oynamağına baxmayaraq 1 xal qazandı. Nəticə sizi qane etdimi?

- Düzdür, bu oyunda qələbə qazanıb, 3 xal götürmək istəyirdik. Qırmızı vərəqə almağımız planlarımızı dəyişdi. Yenə də sona qədər mübarizə apardıq.

- "Turan-Tovuz" avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Sizcə, komanda Avropada çıxış etməyə hazırdırmı?

- Əlbəttə, bizim də məqsədimiz var. Ona doğru getməyə çalışırıq. Öncə avrokuboklara vəsiqə qazanaq, sonra hazır olub-olmadığımızı biləcəyik.

- Komanda ən yaxşı mövsümlərindən birini keçirir. Bu barədə nə söyləyə bilərsiniz?    

- İlk ildən bu günə kimi komanda olaraq inkişaf edirik. Tək bu mövsüm yox, gələcək mövsümlərdə də stabil olmağa çalışacağıq.

- Növbəti turda “Sabah”la qarşılaşmadan gözləntiləriniz nədir? Masazır təmsilçisini məğlub etməkdə sizə nə mane ola bilər?

- Hər oyun olduğu kimi, bu matça da qələbə qazanmaq üçün çıxacağıq. Mane olacaq bir şey deyə bilmərəm, futboldur, hər şeyə hazırlıqlı olmalıyıq.

- Rəhbərliyin komandanın çıxışına münasibəti necədir?

- Rəhbərlik hər zaman bizə dəstək olur. Motivasiyalı olmağımız üçün əlindən gələni edir. Biz də onların əziyyətinin qarşılığını verməyə çalışırıq.

- Azarkeşləriniz ev oyunlarında inanılmaz atmosfer yaradır. Bunun çıxışınıza təsirini necə qiymətləndirirsiniz?

- Tək ev oyunlarını deməzdim. Bizim azarkeşlər səfər oyunlarında belə, inanılmaz atmosfer yaradır. Əlbəttə, onların belə olmağı bizi daha da ruhlandırır. İnşallah, hamımız birlikdə "Turan Tovuz"un adı üçün sona qədər vuruşacağıq.

Akif Əhmədov


Paylaş: