
Azərbaycan futbolunun tarixi dönəmi: Qaliblər və susanlar
Azərbaycan futbolunun qaranlıq labirintlərində tarixi bir dönüş baş verdi. Legioner limiti ləğv olundu. Bunu isə hamıdan çox istəyən şəxs Azərbaycan futbolunun görünməyən, amma toxunulmaz arxitektoru Maqsud Adıgözəlov oldu.
Bəs ona ən çox kim qarşı çıxdı? Məşqçilik məharətini mütəvaziliklə harmoniya edən, böyük nəticələr qazanmış, lakin hələ də "təcrübəsiz" sayılan Qurban Qurbanov. Lakin futbolun icra hakimiyyətindəki elita onun inadını bir küncə sıxışdırdı və limitin ləğvi təsdiqləndi.
Maraqlı burasıdır ki, Qurban Qurbanov bu məsələdə açıq danışmağa tələsmir. Media qarşısında dilini dişinin arasında saxlayır. Qurbanov səssiz qiyamın memarı olmaq yolunu seçir? Ola bilər.
Bəlkə də, Qurbanov strateji səbir nümayiş etdirir. Bəlkə də, illərdir meydanda yorulmadan mübarizə aparan adam xəncərini artıq qınından çıxarmaq üçün doğru məqamı gözləyir. Bəzən susmaq ən təsirli etirazdır. Görəsən, belədir, yoxsa...?
Bütün bunların fonunda, Azərbaycan futbolunun taleyini həll edənlər üçün bir açıq sual qalır: Gələcəkdə daha hansı qərarlar qəbul olunacaq və bu, həqiqətən, Azərbaycan futboluna xidmət edəcəkmi, yoxsa bəzi şəxslərin məkrli niyyətlərinin növbəti qurbanı olacaq? Qurban Qurbanov susur...
Bəlkə də Qurban Qurbanov bu oyunun qaydalarını bilir. Çünki bu futbol deyil, başqa oyundur - sükut oyunu və o, bu oyunda qalib gəlməyə çalışır.
Mirələm Həsənli