
Avrokuboklarda 500-cü qol
Azərbaycan klubları avrokuboklarda 500-cü qolu vurub.
Sportlife.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Yubiley qolu Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Selye” matçına təsadüf edib. Bakı klubunun Sloveniya təmsilçisi ilə oyununa qədər Azərbaycan komandaları avrokuboklar tarixində keçirilən 470 matçda 499 qol vurmuşdu. Bu qarşılaşmada hesabı açan Pavol Şafranko 500-cü qolun müəllifi olub.
Azərbaycan klublarının avrokuboklarda debütü 1994-cü ildə gerçəkləşib. Bu müddətdə komandalar UEFA Çempionlar Liqasında 122, UEFA Avropa Liqasında (əvvəlki UEFA kuboku) 294, UEFA Konfrans Liqasında 64, İntertoto kubokunda 19, Kuboklar kubokunda 1 qol vurub. Ölkənin 21 klubu avrokubok həyəcanı yaşayıb.
Qeyd edək ki, Azərbaycan təmsilçilərindən Avropadakı ilk qolunun müəllifi Yadigar Süleymanov olub. “Kəpəz”in futbolçusu 1995-ci il avqustun 22-də Vyanada “Austriya”nın (1:5) qapısına yol tapıb.