
Avrokubok təmsilçilərimiz bilindi
Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək klublar müəyyənləşib.
Sportlife.az xəbər verir ki, nüfuzlu yarışda 2 kişi və 2 qadın komandası mübarizə aparacaq.
Kişi həndbolçular arasında sonuncu ölkə çempionatının qalibi “Kür” və gümüş mükafatçı “Bakı” qitə yarışına qatılacaq. Turnirdə ilk mərhələdən azad olan təmsilçilərimiz mübarizəyə II raunddan qoşulacaq. Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələn 9 komandadan sonra iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcəklər. II raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları isə oktyabrın 18-19-da keçiriləcək.
Qadın həndbolçuların Avropa Kubokunda isə ölkəmizi Azərbaycan çempionu “Azəryol” və 3-cü yerin sahibi “Kür” təmsil edəcək. Bütün komandalar yarışa II mərhələdən start verəcək. Burada 50 komanda yarışacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirdə 3-cü mərhələdən çıxış edəcək. II raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.