"Neftçi"nin 18 milyonluq paradoksu - Bahalı fiasko
Ötən il Premyer Liqada çıxış edən klubların futbolçularına ödədikləri əməkhaqqının məbləği açıqlanıb. Siyahıya “Neftçi” başçılıq edir. Paytaxt klubu futbolçulara 18 milyon manatdan çox maaş ödəyib.
“Neftçi” bu göstərici ilə hətta ötən mövsümün çempionu “Qarabağ”ı da qabaqlayıb. Aradakı fərq 4 milyon manatdan artıqdır. Normalda bu fərq titul mübarizəsi deməkdir. “Neftçi” isə mövsümü 6-cı pillədə başa vurdu...
Daha acınacaqlısı isə odur ki, ötən mövsümü 3-cü pillədə bitirən “Araz-Naxçıvan” futbolçularına “Neftçi”dən 5 dəfə az maaş ödəyib. Buna nə ad vermək olar? Bahalı fiasko?
Ən ironik məqam isə budur: Ötənilki fiaskodan sonra “Neftçi” klub daxilində heç bir ciddi islahat aparmadı. Nə fövqəladə iclas keçirildi, nə struktur dəyişikliyi edildi, nə də “səhv etdik” etirafı eşitdik. Sanki hər şey plana uyğun idi.
“Neftçi”də hər uğursuzluqdan sonra ancaq baş məşqçilər dəyişir. 18 milyonluq maaş büdcəsini bölənlər, transferləri təsdiqləyənlər, strategiyanı müəyyənləşdirənlər toxunulmaz qalır. Klubun Müşahidə Şurasının üzvləri başa düşməlidirlər ki, bu qədər böyük maliyyə resursu olan klubun uğursuzluğunun səbəbləri daha dərindədir.
“Neftçi” rəhbərliyi həqiqətən də nəticə istəyirmi? Yoxsa məqsəd sadəcə pul dağıtmaqdır?
Mirələm HƏSƏNLİ