"Azərbaycanda ömürlük dostluqlar qazanmışam"

  • Bu gün, 12:58

“Quba”nın basketbolçusu Maykl Rayt klubun mətbuat xidmətinə müsahibə verib.

Sportlife.az həmin müsahibəni təqdim edir:

- “Quba" son matçda səfərdə "Lənkəran"ı məğlub etməyi bacardı. Matç sizin üçün necə keçdi?

- “Lənkəran”a qarşı əla komanda qələbəsi qazandıq. Komanda yoldaşlarıma təşəkkür edirəm. Hər oyunda daha da güclənirik.

- "Quba" ardıcıl 2 oyundur qalib gəlir. Komandanın yaxşı seriya əldə etdiyini deyə bilərik?

- Bəli! Komandamızın oyunu yaxşı alınır. Hamımız birlikdə oynamaqdan zövq alırıq və meydandan kənarda da bir-birimizlə güclü əlaqəmiz var. Düşünürəm ki, bu, son 2 oyunda qazandığımız uğura öz töhfəsini verir.

- Növbəti matç "Naxçıvan"a qarşı olacaq. Onlar B qrupunun favoritlərindən biri hesab olunurlar. "Naxçıvan"a qarşı ilk oyununuz yaxşı keçsə də, sonda uduzdunuz. Sizcə, bu dəfə qalib gələ biləcəksiniz?

- İnanıram ki, komanda olaraq birlikdə oynamağa və qalib gəlmək istəyimizi qorumağa davam etsək, uğurlarımız davam edəcək. Belədə, qələbə seriyamızı davam etdirə bilərik.

- “Quba”nın öz qrupunda lider olmaq şanslarını necə dəyərləndirirsiniz? Hazırda "Ordu" qrupa başçılıq edir...

- Düşünürəm ki, çox yaxşı komandamız var və lider olmaq üçün istedada, gücə sahibik. “Ordu” da çox yaxşı oyunçuları olan və çox yaxşı məşqçi heyətinə malik güclü bir komandadır. Amma mən komandamıza və məşqçi heyətimizə inanıram. Düşünürəm ki, bu il uğur qazana bilərik. Mövsümün qalan hissəsinin necə keçəcəyini görəcəyik.

- Azərbaycan Basketbol Liqası haqqında fikriniz necədir? Əvvəllər müxtəlif ölkələrdə oynamısınız. ABL-i həmin liqalarla necə müqayisə edərdiniz?
- ABL-də oynamağı sevirəm. İndiyə kimi bu liqada çox yaxşı təcrübəm var. ABL-də oynamaq və basketbol karyeramı davam etdirmək imkanına görə minnətdaram. İndiyə qədər Albaniya və Gürcüstanda oynamışam. Bütün ölkələrin liqalarını müqayisə etmək çox çətindir, çünki hər üçündə yaşamağı və oynamağı çox sevmişəm. Hər bir ölkənin fərqli mədəniyyəti var və dünyanı gəzməyi bu qədər heyrətamiz edən də məhz budur. Müxtəlif həyat tərzləri ilə tanış oluram və eyni zamanda dünyanın ən yaxşı idman növü ilə məşğulam. Bəli, mən burada, Azərbaycanda yaşamağı çox sevirəm. İnsanlar çox qonaqpərvərdir və mən artıq ömürlük dostluqlar qazanmışam. Bunun üçün “Quba”ya minnətdaram.


Paylaş: