"Sabah" və bir ay sonra

  • Bu gün, 11:45

Bir ay əvvəl “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın milli fasilədə Şahdağda istirahəti diqqətimi çəkmişdi. Həmin məqam təsadüfi istirahət yox, mövsümün ən həssas dövründə atılan düşünülmüş addım kimi görünürdü. Yazıda 2022/2023 mövsümündə Murad Musayevlə yaşanan oxşar prosesi xatırlatmış, fasilədən sonra “Sabah”ın necə toparlanaraq Premyer Liqanın gümüş medallarını qazandığını vurğulamışdım.

“Sabah” dünən təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edərək turnir cədvəlinin zirvəsinə yüksəldi. Bu nəticə təkcə bir oyunun yox, son bir ayda gedən proseslərin məntiqi yekunu idi.

Dünən keçirilən təxirə salınmış oyun mövsümün adi qarşılaşması deyildi. Bu, bir növ liderlik testi, psixoloji üstünlük mübarizəsi idi.

“Qarabağ” illərdir çempionluq yarışında həlledici məqamları necə oynamağı bilən komandadır. Belə rəqibi məğlub etmək “Sabah” üçün təkcə 3 xal yox, iddianın legitimləşməsi deməkdir.

Artıq “Sabah” yarışda sadəcə izləyən tərəf deyil. Bu komanda oyunun tempini qəbul edən yox, diktə edən tərəfə çevrilir. Bu isə çempionluq yolunda ən vacib mərhələlərdən biridir.

Qış fasiləsinə lider kimi yollanmaq hər klub üçün üstünlükdür. Amma bu, eyni zamanda məsuliyyətdir. Çünki artıq suallar dəyişir:


“Sabah” iddialıdırmı?” yox, “Sabah” bu liderliyi qoruya biləcəkmi?”


Büdcə baxımından “Qarabağ” və “Neftçi”dən geri qalmayan, struktur olaraq stabillik nümayiş etdirən “Sabah” üçün əsas sınaq məhz qış fasiləsindən sonrakı planlama olacaq. Transferlər, rotasiya, daxili balans — bütün bunlar artıq titul iddiasının texniki detallarına çevrilir.

Bir ay əvvəl yazdığımız bu gün nəticə ilə təsdiqləndi. Bu, nə öncəgörmə iddiasıdır, nə də təsadüf axtarışı. Sadəcə futbolun dəyişməyən qanunudur: düzgün idarəetmə gec-tez nəticə verir.

“Sabah” indi zirvə nöqtəsindədir. Bu zirvə mövsümün sonuna qədər qoruna biləcəkmi? Cavabını qarşıdakı aylarda görəcəyik. Dəqiq olan odur ki, bu komandanı çempionluq mübarizəsində ciddi qəbul etməmək mümkün deyil.

Mirələm HƏSƏNLİ 


Paylaş: