Uşaq futbolu büdcənin kənarında

  • Dünən, 17:50

2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak edən klubların uşaq-gənclər sektoruna ayrılan maliyyə vəsaiti açıqlanıb.

10 klub üçün ümumilikdə 6 milyon 622 min 262 manat. İlk baxışda pis səslənmir. Ancaq məsələ rəqəmin böyüklüyündə yox, payın ədalətindədir.

Bu məbləğ klublara ayrılan 30 milyon manatın cəmi 22 faizini təşkil edir. Yəni böyük futbol üçün pul var, uşaq futbolu “birtəhər yola verək” prinsipi ilə idarə olunur.

Hesabı bir az xırdalayaq. Hər kluba təxminən 662 min manat, ayda isə 55 min manat düşür. AFFA-nın aşağı yaş liqalarında 12 komanda saxlayan klub üçün bu vəsiat yetərlidirmi? Tibbi təminat, səfərlər, geyim, inventar, stadion xərcləri və s.

Pul ayrılır... bəs xərclənirmi?

Gəldik məsələnin daha həssas tərəfinə. İllərdir futbol cameəsində pıçıltı ilə dolaşan bir fikir var: “Uşaq futbolu üçün ayrılan vəsait əsas komandaya yönəldilir”. Açıq danışan azdır, amma hamı bilir. Kağız üzərində hər klubun akademiyası var. Real həyatda isə köhnə toplar, gecikən maaşlar,  motivasiyasız məşqçilər və bitməyən problemlər.

AFFA hesabat açıqlayır, amma nəzarət mexanizmi görünmür. Bu vəsait konkret olaraq hara xərclənib? Ölkə futboluna hansı real faydanı verib? Hansı infrastruktur yaradılıb? Bu suallar cavabsızdır...

Əgər məqsəd real inkişaf görməkdirsə, AFFA sadəcə pul köçürən qurum yox, pulun taleyini izləyən qurum olmalıdır. Yoxsa bu vəsaitlər “görünməyən” pullar siyahısına düşəcək.

Uşaq futbolu əsas strateji xətt olmalıdır. Yoxsa, biz hələ çox hesabatlar oxuyacaq, çox rəqəmlər görəcəyik.

Mirələm HƏSƏNLİ 


Paylaş: