Limitin kölgəsində qalan yerlilər: Kim nə qədər oynayıb?

  • Dünən, 23:02

Azərbaycan Premyer Liqasında cari mövsüm, illərdir müzakirə olunan legioner limitinin ləğvi ilə yadda qaldı. Klublara verilən bu sərbəstlik, rəqabəti artırmaq məqsədi daşısa da, ancaq xoş olmayan məqamlar ortaya çıxdı. Yerli futbolçuların oyun dəqiqələri azaldı, start heyətdəki yerləri daraldı və bu tendensiya Azərbaycan milli komandasının gələcəyi üçün ciddi təhlükəyə çevrildi.

Bu məqamı nəzərə alaraq araşdırma apardıq. Azərbaycan Premyer Liqasında 14-cü tura qədər oynayan 100 futbolçunun statistik göstəriciləri əsasında təhlil apararaq mövcud mənzərəyə nəzər salmağa çalışdıq. Ümumilikdə isə cari mövsümdə çempionat matçlarında meydana çıxan yerli futbolçuların sayı 120 civarındadır.

Ən çox oynayanlar

Siyahıda ən diqqətçəkən məqam, mövsümün geridə qalan hissəsində (14 tur üzrə) oyunların hamısında meydanda olan və əvəzlənmədən oynayan futbolçuların sayının olduqca az olmasıdır.

Rüfət Abbasov (“Şamaxı”) və Elvin Bədəlov (“Neftçi”) - Bu iki müdafiəçi əsl sabitlik nümunəsidir. Hər ikisi 14 oyunun hamısında start heyətdə meydana çıxıb və maksimim, yəni 1260 dəqiqə oynayıblar. Bu, onların komandaları üçün əvəzolunmaz olduğunu göstərir.

"Neftçi"nin kapitanı Emin Mahmudov da 14 oyunun hamısında iştirak edib, lakin onun start heyətdə meydana çıxdığı matç sayı 11, oynadığı dəqiqə isə 1024-dür. Bu da onun uzun müddətdir davam edən zədəsi ilə bağlıdır.

Eyni zamanda “Kəpəz”dən Fərid Nəbiyev, Məqsəd İsayev və “Şamaxı”dan Arsen Ağcabəyov da 14 oyunda iştirak ediblər. Bu futbolçular istisnadır. Siyahının aşağılarına endikcə, oyun sayı çox olsa da, dəqiqə sayının kəskin azaldığını görürük. Yerli hücumçu və yaradıcı oyunçuların qıtlığı fonunda bəzi adlar effektivliyi ilə seçilir. Maraqlıdır ki, ən məhsuldar oyunçular ən çox oynayanlar deyil.

Məhsuldar yerlilər

Toral Bayramov (“Qarabağ”) çempionatın bəlkə də ən effektiv oyunçusudur. Cəmi 11 görüşdə (903 dəqiqə) meydana çıxmasına baxmayaraq, 5 qol və 2 assistlə yerli futbolçular arasında liderdir. Universal oyunçu olması onun üçün böyük üstünlük yaradır.

“Şamaxı”nın futbolçusu Rüfət Abbasov təkcə oyun sayı ilə deyil, məhsuldarlığı ilə də seçilir. Müdafiəçi olmasına rəğmən, 4 məhsuldar ötürmə ilə yerli oyunçular arasında ən yaxşı assistent göstəricisinə sahibdir. Onun aktivində 1 qol da var.

Emin Mahmudov və “Sumqayıt”lı Rüstəm Əhmədzadə də aktivlərində 4 qol yazdırıblar. Rüstəmin 13 oyunda 1141 dəqiqə oynaması onun komandası (Sumqayıt) üçün əsas fiqur olduğunu təsdiqləyir.

Yeri gəlmişkən, son günlərin ən çox tənqid edilən futbolçusu Nəriman Axundzadə ("Qarabağ") cəmi 486 dəqiqə (5 oyun) meydanda olsa da, 2 qol vurmağı bacarıb.

Legionerlərin kölgəsində qalanlar

Legioner limitinin ləğvi ən çox "orta səviyyəli" və ya gənc yerli oyunçulara böyük zərbə vurub. Statistika göstərir ki, bir çox futbolçunun adı oyun protokolunda olur, meydana çıxır, amma əsasən son dəqiqələrdə.

“Araz-Naxçıvan”ın forvardı Ülvi İsgəndərov 12 oyunda meydana çıxıb, lakin start heyətdə yer almayıb. Cəmi 234 dəqiqə oynayıb (hər oyuna ortalama 19 dəqiqə). O, klassik “joker” oyunçusu adlandırmaq olar.
Millimizin üzvü hesab edilən Rəhim Sadıxov (“Turan Tovuz”) 13 oyunda iştirak etsə də, cəmi 5 dəfə start heyətdə olub (614 dəqiqə).

Musa Qurbanlı “Qarabağ”a qayıdışından sonra 6 oyunda 391 dəqiqə şans qazanıb və 2 qol vurub. Lakin hələ ki, start heyətin daimi üzvünə çevrilə bilmir.

Qapıçı dilemması

Qapıçı mövqeyində də maraqlı təzad var. Çox oynayanlar çox qol buraxır, az oynayanlar isə daha etibarlıdır. Bunda bəlkə də komanda faktoru böyük rol oynayır.

Şahruddin Məhəmmədəliyev “Qarabağ”ın heyətində cəmi 6 oyunda iştirak edib, lakin bunların 5-də qapısını toxunulmaz saxlayıb. “Şah”ın həmkarları - Səlahət Ağayev (“Qəbələ”) və Kamran İbrahimovun (“Karvan-Yevlax”) hər ikisi 13 oyun keçirib (1170 dəqiqə), lakin hər biri cəmi 1 “quru” oyun keçirə bilib. Bu, onların komandalarının son sıralarda qərarlaşması ilə əlaqədardır.

Milli komandamızın başqa bir üzvü Mehdi Cənnətov (“Sumqayıt”) isə  12 oyundan 3-də qapısında top görməyib.

Milli komanda üçün həyəcan siqnalı

Cədvəl açıq şəkildə göstərir ki, Azərbaycan Premyer Liqasında 1000 dəqiqə səddini keçən yerli oyunçu sayı barmaqla sayılacaq qədərdir. Əsas üstünlük legionerlərə verilir. Yerli futbolçuların əksəriyyəti ya rotasiya oyunçusudur (oyunun son 15-20 dəqiqəsi), ya müdafiəyə meyllidir (Start heyətdə olanların çoxu müdafiəçidir) və ya meydanda olsa da, nəticəyə təsiri azdır.
Milli komanda üçün bu, ciddi təhlükədir. Klubunda 90 dəqiqə oynamayan, oyun praktikası olmayan futbolçularla beynəlxalq arenada rəqabət aparmaq çətindir. Limit ləğv olundu, amma yerli futbolun inkişafı üçün alternativ mexanizm hələ işə düşməyib. Əgər bu “kölgədə qalma” tendensiyası davam edərsə, növbəti seçmə mərhələlərdə millimizin işi indikindən də çətin olacaq.

Turqay


Paylaş: